Bütövləşmə, yoxsa köhnə parçalanma?
Bütövləşmə, yoxsa köhnə parçalanma?

Ara-sıra ölkə mətbuatında gündəmə gələn regionçuluq amili təsadüfi mövzu hesab edilə bilərmi?
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyevin “Unikal”a bildirdiyinə görə, “Qərbi azərbaycanlı, Şərqi azərbaycanlı, Cənubi azərbaycanlı bölgüsü, faktoru bəlkə də biz dövlətimizi yaratdığımız ilk on ildə kifayət qədər aktuallıq kəsb etdi. Ancaq indi hesab etmirəm ki, elə bir aktuallıq kəsb edər.

Millət vəkilinin dediyinə görə, artıq müstəqil Azərbaycan dövləti 20 ildən çoxdur ki, qurulub, güclənib, eyni zamanda, cəmiyyətdə dövlətçilik şüuru da gündən-günə inkişaf etməkdə və bölgəçilik şüurunu üstələməkdədir: “Bildiyiniz kimi, Qərbi azərbaycanlılar zaman-zaman indiki Ermənistan adlandırılan ölkədən sıxışdırılıb, çıxarılan insanlardır. Onların hələ 1905-06-cı illərdən bəri başlanan köçü 1988-ci ildə tamamlandı və təbii ki, oradan qaçqın, incidilmiş vəziyyətdə gələn insanlar burada bir-birinə hayan durmaqdan ötrü bir-birini itirərdilər-axtarardılar. Bütövlükdə isə bölgəçilik, rayonçuluq təfəkkürünün formalaşması bizim müstəqil dövlətimizin olmaması ilə bağlı bir məsələ idi. Dövlətçilik inkişaf etdikcə, bunlar hamısı aradan çıxıb gedəcək, yalnız azərbaycançılıq təfəkkürü qalacaq.
Əvvəlki fikrimə qayıdaraq onu da xatırlatmaq istəyirəm ki, 1988-ci ildən sonrakı illərdə isə bu insanlar Azərbaycana gələndə istər Vəzirovun dövründə, istərsə də Mütəllibovun dövründə istədikləri, belə deyərdim, ümid etdikləri anlaşmanı, istiliyi, mehribançılığı bu hakimiyyətlərdən görə bilmədilər. Ona görə də incik qrup kimi formalaşmışdılar. Amma 90-cı illərin sonlarına qədər belə demək mümkünsə, mövcud olan o “ermənistanlı”, Qərbi azərbaycanlı məfhumu, hesab edirəm ki, siyasi leksikonda bir manipulyasiya vasitəsi kimi olaraq qalır. Amma əsl həqiqətdə artıq bu gün nə Qərbi azərbaycanlı, nə naxçıvanlı, nə cənublu, nə şirvanlı faktoru yoxdur. Bu gün Azərbaycanın siyasi-ictimai mühitində iqtidarı, İlham Əliyevi dəstəkləyən böyük bir xalq faktoru var və bir də ola bilsin, o müəyyən “narazılar qrupu” faktoru var ki, o da müxalifətdə, xüsusən, radikal qanadında birləşənlərdir.
Bu mənada “El” hərəkatının, yaxud da Eldar Namazovun ətrafında müəyyən Ermənistan kökənli ziyalıların olması, hələ heç də o Ermənistandan olan böyük toplumun orada təmsil olunması demək deyil. Əgər o insanları vaxtilə Qərbi azərbaycanlılar adlandırılanlar dəstəkləsəydi, sonrakı dönəmdə millət vəkili seçilərdilər. Hansı ki, həmin şəxslər daim Ermənistandan olan adamların çoxluğu olan yerdən namizədlik veriblər və dəstək tapmayıblar, seçilməyiblər.
Yeri gəlmişkən, vaxtilə Nurəddin Mustafayev “Ağrıdağ” cəmiyyəti də yaratmışdı. O da heç bir effekt vermədi. “Ağrıdağ” cəmiyyətini yaradanda da onu ulu öndər Heydər Əliyevə, Yeni Azərbaycan Partiyasına dəstək pərdəsi altında yaratmışdı. Amma dediyim kimi, heç bir effekt vermədi. Heydər Əliyev özü də dedi ki, kim məni dəstəkləyir, mənim partiyam var – Yeni Azərbaycan Partiyası, gəlsin orada təmsil olunsun. Bu mənada ötən seçkilər də göstərdi, ümumilikdə indiyəqədərki də seçkilər göstərir ki, Qərbi Azərbaycandan olan insanlar həmişə Heydər Əliyevin ətrafında olublar, son iki seçkilərdə də İlham Əliyevin ətrafındadırlar. Bilirsiniz, bu insanlar artıq 20 il bundan qabaqkı bir düşüncədə deyillər. 20 il bundan qabaq bir qaçqınlıq, hərə özünü axtarmaq fikirləri var idi. Amma bu gün artıq bu insanların çoxu öz məskunluğunu da tapıb, işini də tapıb, rahatçılığını da tapıb.
Bunun hamısı da görür ki, bu iqtidar onlar üçün hər şəraiti yaradıb - indi gedib ayrı yerdə birləşməlidirlər?... Əlbəttə ki, yox! Bu mənada bunun regional əhəmiyyəti sıfırdır və bütövlükdə “El” hərəkatını da, Eldar Namazovun fəaliyyətini də mən o qədər, nəticə verəcək bir fəaliyyət hesab etmirəm. Bir vaxt deyirdilər ki, Qərbi azərbaycanlılar Rəsul Quliyev müxalifətə keçəndən sonra guya onun ətrafında birləşəcəklər. Ancaq gördünüz ki, heç bir birləşmə olmadı, onlar Rəsul Quliyevi dəstəkləmədilər. Əli İnsanov deyirdi ki, guya ermənistanlıların lideridir, hətta, özünü ermənistanlıların lideri də elan etmişdi, amma Əli İnsanovu da heç kəs dəstəkləmədi”.
M.Quliyevin daha sonra bildirdiyinə görə, zaman onu göstərir ki, müəyyən vaxtlarda müəyyən insanlar ermənistanlı toplumun adından istifadə ediblər, amma həmin toplum həmişə Azərbaycan xalqı kimi dəstəkləyibsə, onu da dəstəkləyib:
“Bu baxımdan, bu gün, bəlkə bir 10 ildən, 15 ildən sonra yenə də deyirəm, bütövlükdə nə ermənistanlı, nə şirvanlı, nə naxçıvanlı, nə lənkəranlı ifadəsi bizim leksikonumuz da qalacaq. Çünki bu dövlətçiliyin yaşı ilə, inkişafı ilə bağlı olan bir məsələdir...”
Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin “Unkal”a söylədiyinə görə, “Bu günki Azərbaycanda siyasi qurumların əksəriyyəti regionçuluq amili üzərində qurulub. Partiya sədri hansı bölgədəndirsə, partiyanın əksər funksionerləri və əsas sosial bazası da həmin bölgənin insanlarından ibarət olur. Məhz buna görə də dəfələrlə demişəm ki, Azərbaycanda siyasi-ideoloji şüur hələ lazımi səviyəyə yetişməyib. Bir çox partiyalar din davası deyil, dən davası aparırlar. Bu cür siyasi səviyyə ilə heç nə etmək olmaz. Elə buna görədir ki, müxalifət iyirmi ildir ki, yerində sayır və heç nəyə nail ola bilmir”.
Şakir