İran yenə nota verdi
11:03 02-04-2013
CƏMİYYƏT
İran yenə nota verdi
Bu sabahkı avantüranın başlanığıcı ola bilər
İran -Azərbaycan münasibətləri yaxın bir neçə il ərzində stabil ola bilməz. Bunu əksər analitik bəyan edir və əsas kimi də bu göstərilir ki, İran Azərbaycanın qərb və İsraillə əlaqələrindən narahatdır və ilk fürsətdə Azərbaycana bununla bağlı təzyiqlər edir. Bunu da qeyd edək ki, son bir il ərzində İran rəsmiləri dəfələrlə Azərbaycanı terrorla hədələyib və bəzi hallarda Azərbaycanın ərazi bütövlüyünə şübhə ilə yanaşıblar.
Bundan başqa İranın Ermənistanla ciddi əlaqələr qurması da unudulmamalıdır və ekspertlər qeyd edir ki, İran Azərbaycanla ilişgiləri gərginləşdirmək üçün zaman-zaman Ermənistana dəstək göstərib. Hətta buda aydın olub ki, Dağlıq Qarabağ savaşı olan zaman İran Ermənistana maliyyə dəstəyi göstərib. Ümumiyyətlə buda vurğulanır ki, İran hər zaman Azərbaycana təzyiqlər göstərmək üçün yollar arayıb və adi bir məsələdən bəhanə kimi istifadə etməyə çalışıb. Elə İranın sonuncu bəyanatı da buna əyyani misaldır. İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi Bakıda "Çağdaş Güney Azərbaycanın sabahı" mövzusunda keçirilən konfransı pisləyib.
Sözügedən konfrans martın 30-da Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin təşəbbüsü ilə "Park İnn" otelində keçirilib.
Martın 31-də İran səfirliyinin yaydığı "İran İslam Respublikası anti-İran toplantısının Bakıda keçirilməsini pisləyir" başlıqlı açıqlamada deyilir:
"İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi "Azərbaycan Milli Azadlıq Cəbhəsi" adını daşıyan qruplaşmanın dəvəti ilə irqçi və separatçı ünsürlərin şənbə günü 30 mart tarixində Bakıda keçirdikləri anti-İran toplantısını pisləmişdir.
Səfirliyin mətbuat xidmətinin sədri Seyid Məhəmməd Ayətullahi belə bir toplantının keçirilməsini pisləməklə yanaşı qeyd etmişdir ki, Tehranın Bakı ilə dostluq münasibətlərinin möhkəmləndirilməsinə yönəlik siyasətinə və Azərbaycan Respublikasının daxili işlərinə qarışmamağa sadiq qalmasına rəğmən, anti-İran ünsürləri Azərbaycan Respublikasında təhqiredici və düşmən hərəkətlərdə bulunaraq, İran İslam Respublikasına qarşı əsassız olaraq ərazi iddiası irəli sürmüşlər".
Qeyd edək ki, artıq İran "Çağdaş Güney Azərbaycanın sabahı" toplantısı ilə əlaqədar rəsmi surətdə Azərbaycana nota verib.
Maraqlıdır, ümumiyyətlə bu nato nə qədər siyasi baxımdan yerində olan bəyanatdır və buna Azərbaycanın reaksiyası necə olmalıdır? Ekspertlər hesab edir ki, bu nota əslində Azərbaycanı növbəti dəfə qıcıqlandırıb, təxribata çəkməkdən başqa bir şey deyil. Çünki Bakıda keçirilən tədbirə görə dövlət heç bir məsuliyyət daşımır və İranın özündə dəfələrlə belə aksiyalar keçirilərək Azərbaycanın ünvanına xoşagəlməyən fikirlər səsləndirilib. Hətta dövlətin nəzarətində olan "Səhər" kanalında Azərbaycanın ərazi bütövlüyü belə addım başı təhrif olunur və çaşdırıcı xəbərlər yayılır. Həmçinin İranın dini liderliyindən də zaman-zaman belə bəyanatlar gəlib və Azərbaycan hər zaman bununla bağlı etirazını bildirən də İran tərəfi bunu azadlıq və demokratiya ilə əlaqələndirib. Bu gün isə hansısa təşkilat tədbir keçirirsə buna görə İranın nota verməsi məntiqsizlikdir. Analitiklər hesab edir ki, Azərbaycan tərəfi İranın bu cür təzyiqlərinə artıq sərt təpki göstərməlidir. Bunu da qeyd edək ki, zaman-zaman Azərbaycan qonşuluq münasibətlərini nəzərə alaraq belə tədbirlərin keçirilməsinin qarşısını alıb, Cənubi Azərbaycanda milli azadlıq hərəkatının liderlərindən biri olan Çöhrəqanlının Bakıda fəaliyyət göstərməsini qəbul etmədi və bununla İrana qarşı qonşuluq münasibətini sərgilədi. Amma İran bunu geriyə çəkilmə kimi dəyərləndirib, zaman-zaman belə notalarla çıxış edir. Bunu nəzərə alaraq Azərbaycan tərəfinin də eyni addım atması istənilir.
Sonda bunu da nəzərinizə çatdıraq ki, Azərbaycanda siyasi proseslər gərginləşən kimi İran dostluq münasibətlərini yaddan çıxarır və hər cür təxribata yol aça biləcək hadisələrin baş verməsinə yaşıl işıq yandırır. Görünür İran indi də süni gərginlik yaratmaqla növbəti həmləsini etməyə hazırlaşır. Buna görə də analitiklər hesab edir ki, İranın bu notasına əks reaksiya verilməli və demokratik bir yol tutan ölkədə təşkilatların sərbəst toplantı keçirtmək haqqı İrana göstərilməlidir.
Fuad Əliyev
Digər Xəbərlər
2024-11-23 09:40:24
2024-11-23 09:23:00
2024-11-23 09:13:51
2024-11-23 08:53:12
2024-11-22 23:33:36
2024-11-22 22:48:30
2024-11-22 20:35:08
2024-11-22 19:38:04
2024-11-22 18:45:14
2024-11-22 18:41:19
2024-11-22 18:05:14
2024-11-22 17:54:00
2024-11-22 17:28:04
2024-11-22 16:55:08
2024-11-22 16:46:45
2024-11-22 16:39:35
2024-11-22 16:28:54
2024-11-22 16:27:05