Milli Şuraya alternativ
11:04 02-04-2013
CƏMİYYƏT
Milli Şuraya alternativ
Müsavatın şərtləri ağırdır
Son zamanlar müxalifətin birlik modeli ciddi şəkildə müzakirə olunur və müzakirələr artdıqca parçalanma daha da dərinləşir. Hazırda isə müxalifət düşərgəsində bir sıra ideyaların reallaşmasına cəhd edilir ki, bunlardan da biri Milli Şura məsələsidir. "Milli Şuranın yaradılması ilə bağlı danışıqların birinci mərhələsi yekunlaşmaq üzrədir. Ümid edirəm ki, aprelin sonuna kimi bu mərhələ bitəcək və proses texniki mərhələyə qədəm qoyacaq".
Bu fikirləri "El" hərəkatının İdarə Heyətinin sədri Eldar Namazov deyib.
E. Namazov bildirib ki, Milli Şuranın yaranması ilə bağlı Müsavat Partiyası, AXCP, Açıq Cəmiyyət Partiyası, REAL Hərəkatı və ölkənin aparıcı gənclər təşkilatlarının liderləri ilə müzakirələr aparılıb. Bundan sonrakı danışıqlar digər siyasi dairələr və ziyalılarla davam etdiriləcək. Onun sözlərinə görə, Azərbaycanda bütün qüvvələri bir araya gətirmək üçün Rüstəm İbrahimbəyovun irəli sürdüyü Milli Şura ideyası formatların ən uğurlusudur: "Bu formatın uğurlu tarixçəsi də var. Artıq proses ikinci mərhələyə keçir. Ümid edirəm ki, danışıqlar mərhələsi aprelin sonuna kimi yekunlaşacaq".
E. Namazov qeyd edib ki, ölkədəki ictimai-siyasi proseslər, siyasi dairələrin birliyinə nail olunması üçün ciddi sənəd hazırlanır və həmin sənəd beynəlxalq təşkilatlara, ölkələrə ünvanlanacaq.Amma sən demə reallıq başqadır. Belə ki, müxalifət partiyalarının Məşvərət Məclisi hələ yaranması nəzərdə tutulan Milli Şuraya sarsıdıcı zərbə vura bilib. Belə ki, bu günlərdə Məşvərət Məclisi müxalifətin birlik platformasını hazırlayaraq müzakirəyə çıxarıb və demək olar ki, aparıcı bir sıra siyasi dairələr artıq Milli Şuradan kənarda birlik yaratmağa tam hazırdırlar. Belə ki, ADP,Ümid, KAXCP və ALP bir araya gəlib və Milli Şuraya alternativ bir güc olaraq ortaya çıxa biləcəklər. Milli Şuraya gəldikdə isə ekspertlər hesab edir ki, bu ideya artıq özünü doğrultmayacaq. Səbəb isə müxtəlifdir. İlk növbədə ona görə ki, artıq bir neçə müxalifət partiyası proseslərdən kənardadılar və hansısa mərhələdə onların proseslərə qatılması inandırıcı görünmür. Məsələn, KAXCP kimi ciddi bir siyasi qurumla bu günə qədər danışıqlar aparılmayıb. Bunun qarşılığında isə AXCP ilə əlaqələrin gücləndirilməsinə cəhdlər edilib. Deməli artıq bununla razılaşmayacaq qüvvə mövcuddur. Ekspertlər hesab edir ki, KAXCP bu günün özündə də Elçibəy irsinə sadiq olan qüvvələri ətrafında saxlaya bilib və prezident seçkilərində bu gün hansısa Milli Şuranın ətrafında yox, elə KAXCP-in yanında olacaq. Bundan başqa ekspertlər hesab edir ki, yaranması nəzərdə tutulan Milli Şura AXCP ilə Müsavatın nazı ilə oynamaq zorunda qalıb. Milli Şuranın isə bu günə qədər yaranmamasının başlıca səbəbi məhz budur. Qeyd olunur ki, Müsavat partiyasının bir neçə şərti var və yanaşmalarında ciddi fərqlər olub. Belə ki, ilk növbədə Müsavat partiyasının rəhbərliyi bu günün özündə də Rüstəm İbrahimbəyovun sona qədər səmimi olmasına inanmırlar. Və belə bir fikir var ki, Rüstəm İbrahimbəyov əslində Rusiyanın ortaya atdığı bir projedir və seçkilərə az vaxt qalanda, əsas məqsəd ortaya çıxacaq. Rüstəm İbrahimbəyova inamın olmaması həm də onun tutduğu mövqe ilə bağlıdır.Belə ki, ölkəni tərk edən Rüstəm İbrahimbəyov həbs olunma söhbəti gündəmə gələn kimi ölkəyə qayıtmayacağını bildirdi. Düzdür, sonradan geri qayıdacağını desədə hələ də ondan bir xəbər yoxdur və bu səbəbdən artıq Rüstəm İbrahimbəyov qeyri-ciddi sima olaraq qəbul olunmağa başlayıb. Müsavatın Milli Şura yaradıcılarından həm də istədiyi vahid namizədin İsa Qəmbər olmasıdır. AXCP indi də bəyan edir ki, vahid namizəd məsələsi müzakirəyə çıxarılmamalıdır. Amma Müsavat fikrində ciddidir və hesab edilir ki, Milli Şura yaradılarsa ilk müzakirə olunan məsələ məhz vahid namizədlik məsələsi olmalıdır və İsa Qəmbərin namizədliyi ümumi müzakirəyə çıxarılmalıdır. Gördüyünüz kimi Milli Şura ideyasını ortaya atanlar əslində birlik modelinə sahib deyillər və siyasi qüvvələrin iddialarını aradan qaldırmağa gücü çatmır. Buna görə də hesab edilir ki, yaxın günlərdə Müsavat partiyası daha real addım atacaq və partiya seçki qərargahını yaratmaqla Milli Şura mövzusunu bir dəfəlik dəfn edəcək.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-23 12:17:57
2024-11-23 11:53:04
2024-11-23 09:40:24
2024-11-23 09:23:00
2024-11-23 09:13:51
2024-11-23 08:53:12
2024-11-22 23:33:36
2024-11-22 22:48:30
2024-11-22 20:35:08
2024-11-22 19:38:04
2024-11-22 18:45:14
2024-11-22 18:41:19
2024-11-22 18:05:14
2024-11-22 17:54:00
2024-11-22 17:28:04
2024-11-22 16:55:08
2024-11-22 16:46:45