"Bu gün Azərbaycanda ilk dəfə olaraq MDB ölkələri Baş prokurorlarının Əlaqələndirmə Şurasının iclası keçirilib. Biz MDB-dən 7 ölkənin Baş prokurorları ilə 33-cü iclasımızı keçirdik və cinayətkarlığa qarşı mübarizə sahəsində MDB məkanında aktual məsələləri müzakirə etdik"

Bunu "Unikal"a açıqlamasında Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev deyib.  

Baş prokuror bildirib ki, müzakirə edilən məsələlər gələcəkdə kifayət qədər faydalı olacaq: "Təbii ki, cinayətkarlıq artıq sərhədləri aşır. Ona görə də cinayətkarlığa qarşı mübarizə sahəsində bütün hüquq-mühafizə orqanları, o cümlədən də prokurorluq əməkdaşlarının fəaliyyəti zəruridir. 

Eyni zamanda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 4-cü iclası keçirilir və ümid edirik ki, regionda cinayətkarlıqla mübarizə məsələləri müzakirə olunacaq. Azərbaycan hazırda İƏT-ə sədrlik edən ölkədir. Demək olar ki, 10 ölkənin Baş prokurorları cinayətkarlığa qarşı məsələləri müzakirə edəcəklər". 

Kamran Əliyev həmçinin İranda saxlanılan azərbaycanlı tələbə haqqında verilən sualı da cavablandırıb:

"Bu məsələni həmkarım İranın Baş prokuroru ilə müzakirə etdik. Bu məsələlərin detalları barədə məlumat verməzdim. Lakin onu deyə bilərəm ki, bu məsələ müzakirə edilib və ümid edirik ki, müsbət nəticələr əldə olunacaq". 

Ağarza Elçinoğlu