İnsan alverinə qarşı yeni qanun
11:05 02-04-2013
CƏMİYYƏT
İnsan alverinə qarşı yeni qanun
Qanunlardakı boşluqlar acınacaqlı vəziyyət yaradıb
Son illər Azərbaycan insan alverinə qarşı mübarizə məsələsində kifayət qədər ciddi işlər görə bilib. Bununla bağlı yeni dövlət strukturu yaradılıb, müxtəlif şəbəkələr ifşa edilib və proses bu gündə davam etməkdədir.
Amma başqa ciddi bir problem isə budur ki, bir tərəfdən qanunvericilik bazasında problemlər var, digər tərəfdən müəyyən qüvvələr Azərbaycandan tranzit ölkə kimi istifadə etməyə çalışırlar. Məsələ ilə bağlı aparılan araşdırmalar göstərir ki, öncələr Azərbaycan vətəndaşlarının özləri insan alverinin qurbanlarına çevrilirdilərsə, indi Azərbaycandan istifadə etməklə Orta Asiya ölkələrinin vətəndaşları qurbanlığa çevrilib. Amma məsələnin daha ciddi tərəfi qanunlardakı boşluqlardır. Hüquq müdafiəçisi Mehriban Zeynalova "Unikal"a verdiyi açıqlamada bir daha təsdiqlədi ki, qanunvericilik bazası müasir şərtlərlə uyğunlaşdırılmalıdır. Məsələn, Azərbaycanda fəaliyyət göstərən kafe və ya barlarda gənc qızlar seksual istismara məruz qalırlarsa, fahişəliyə cəlb olunurlarsa bu insan alveri kimi qəbul edilmir. Yəni insan alveri o zaman qüvvəyə minir ki, həmin şəxslər ölkədən çıxarılır və başqa bir ölkəyə aparılır. Halbu ki, istər ölkə xaricinə çıxarılan, istərsə ölkə daxilində istismara məruz qalan şəxslər eyni acını yaşayır və deməli bunlara qarşı addım atan qüvvələrdə eyni cəzanı yaşamalıdır. Mehriban Zeynalova bildirir ki, məhz bu boşluğa görə son zamanlar saunalar, kafelər bundan məharətlə istifadə etməyə çalışırlar. Düzdür demək olar ki, hər həftə bu cür şəxslər həbs olunur. Amma ekspertlər bildirir ki, bu həbslər reallığın yanında çox cüzi gəstəricilərdir. Buna görə də ilk növbədə yaradılan struktura uyğun olaraq qanunvericilik bazası yaradılmalıdır. Deyəsən artıq bununla bağlı Milli Məclisdə aktivlik müşahidə olunmağa başlanıb. Belə ki, Azərbaycanda şəxsin cinsi toxunulmazlığı, cinsi azadlığı, eyni zamanda cinsi əxlaqsızlığa qarşı mübarizə və bunun törətdiyi fəsadların aradan qaldırılmasını tənzimləyən yeni qanun layihəsinin qəbul olunması gözlənilir.
Milli Məclisdən verilən məlumata görə, layihə bir sıra QHT-lərin müraciəti əsasında bir qrup deputatın təşəbbüsü əsasında hazırlanaraq müzakirəyə çıxarıla bilər.
Layihəyə əsasən, yetkinlik yaşına çatmayanların və çatanların cinsi azadlığı, cinsi istismara və insan alverinə qarşı mübarizədə yeni profilaktik metodların tətbiq olunması, o cümlədən fahişəlik fəaliyyəti nəticəsində yayılan xəstəliklərin qarşısının alınması, buna qarşı mübarizə yeni standartlara uyğun formada tənzimlənəcək. Layihənin bu il Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilir.
Qeyd edək ki, Azərbaycanda bu sahədə ayrıca qanun mövcud deyil, bu kimi əməllər baş verdikdə isə Cinayət və İnzibati Xətalar məcəllələri ilə yalnız məsuliyyət müəyyən olunur. Hazırda əxlaqsızlıq nəticəsində müəyyən xəstəliklərin yayılmasına səbəb olanlar yalnız Səhiyyə Nazirliyinin müvafiq tapşırıqları ilə müalicəyə göndərilir. Yeni layihədə digər qurumların da bu prosesə cəlb olunması nəzərdə tutulur.
Ümumiyyətlə ekspertlər bildirir ki, son zamanlar müəyyən səbəblərdən fahişəliyin sürətlə yayılması nəzərə alınmalı və qanunlar sərtləşdirilməlidir. Bunu da qeyd edək ki, cəmiyyətdə seksual pozuntu, psixoloji gərginliklər artdıqca belə faktlar da kifayət qədər çoxalır. Hüquq müdafiəçisi Mehriban Zeynalova "Unikal"a bildirib ki, əslində bunun başlıca səbəblərindən biri də marifləndirmənin olmamasıdır. Onun sözlərinə görə sonradan pis yola düşən gənc qadınların əksəriyyətində bir problem ortaya çıxır. Aydın olur ki, kənd yerlərində qızlar tez ərə verilir və böyük əksəriyyətinin rəsmi nigahı olmur. Və bir müddətdən sonra qeyri-rəsmi şəkildə yaşadığı insan tərəfindən atılanda onun hüquqlarını müdafiə belə etmək mümkün olmur və bir müddətdən sonra bu xanımlar işbazların qurbanına çevrilir. Mehriban Zeynalovanın dediyinə görə bunu nəzərə alan insan alverçiləri də əsasən rayonlara, kənd yerlərinə üz tuturlar. Onun fikrincə bu məsələyə yerli icra orqanlarının da diqqəti artırılmalı və ailə quran gənclərin rəsmi nigaha düşmələri sərt şəkildə tələb olunmalıdır.
Azər
Digər Xəbərlər
2024-11-23 09:40:24
2024-11-23 09:23:00
2024-11-23 09:13:51
2024-11-23 08:53:12
2024-11-22 23:33:36
2024-11-22 22:48:30
2024-11-22 20:35:08
2024-11-22 19:38:04
2024-11-22 18:45:14
2024-11-22 18:41:19
2024-11-22 18:05:14
2024-11-22 17:54:00
2024-11-22 17:28:04
2024-11-22 16:55:08
2024-11-22 16:46:45
2024-11-22 16:39:35
2024-11-22 16:28:54