Türkiyədə “Əsrin fəlakəti” olaraq xarakterizə edilən Kahramanmaraş mərkəzli zəlzələlərdən təsirlənən Adıyamanda şəhərin simvolu olan saat qülləsi diqqət çəkib. 

"Unikal" xəbər verir ki,  şəhərdə təxminən 45 il əvvəl inşa edilən və tarixi Karakuş Tümülüsünün simvolu olan quşun əks olunduğu saat qülləsinin üzərindəki saatlar ilk zəlzələnin baş verdiyi vaxtda, yəni 04:17-də dayandırılıb. 

Adıyaman Bələdiyyəsi mövzu ilə bağlı açıqlama yayıb. Bildirilir ki, zəlzələdə ölənlərin xatirəsinə görə simvolik saatlar işə salınmayacaq və hər zaman 04:17-də qalacaq. 

Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.  Hadisə nəticəsində 50 mindən çox insan həyatını itirib.  

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Gülayə Mecid