Salyan rayon sakinindən narkotik və avtomat aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Unikal"a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və qanunsuz odlu silah-sursatın saxlanılmasında şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Yadulla Məmmədov saxlanılıb.
Onun üzərinə keçirilən baxış zamanı narkotik vasitə - marixuana aşkarlanıb. 

Əməliyyat tədbirlərinin davamı nəticəsində Y.Məmmədovun yaşadığı ünvana keçirilən baxış zamanı isə oradan 1 ədəd "AKMS" markalı avtomat, 1 ədəd daraq və 30 ədəd patron aşkarlanaraq götürülüb.

Faktla bağlı RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.