Son bir necə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Ordumuzun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi və digər addımlar gərginliyin artmasına səbəb oldu. Üçtərəfli Bəyanatın tələblərinin yerinə yetirilməsi, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, işğaldan azad edilmiş ərazilərimizə qayıdan dinc əhalinin, bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilərin və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Bundan bir gün sonra 20 sentyabr tarixində bu tədbirlərin dayandırılması barədə razılığın əldə olunması, separatçıların təslim olması qalib ölkəmizin böyük uğuru olaraq hər birimizi qürurlandırdı. Bu Zəfər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin yüksək peşəkarlığını nümayiş etdirdi.
Əldə edilən razılığa əsasən Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir. Göründüyü kimi, Ermənistan və ona havadarlıq edən dövlətlər bir daha Azərbaycanın gücünün, qüdrətinin şahidinə çevrildilər. Bir günə təmin olunan qələbə Azərbaycan Ordusunun müstəqiliyimizə, suverenliyimizə yönələn hər bir təxribatın qarşısını qətiyyətlə almaq imkanında olduğunu sübut etdi. Preziden, Müzəffər Ali Baş Komandan İlham Əliyev daim bu çağırışı edir ki, “dəmir yumruq” yerindədir. Ermənistanda revanşist qüvvələr baş qaldırdığı təqdirdə bunu unutmamalıdırlar. Üç ilə yaxın müddətdə 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn müddəaların yerinə yetirilməsinə maraq göstərməyən, hələ də havadarlarının dəstəyi ilə 30 illik işğal dövrünün ab-havası ilə yaşayan Ermənistan unudur ki, artıq Azərbaycan o illərin Azərbaycanı deyil. Bu gün qalib ölkə olaraq reallıqları diktə edən və onun qəbulu istiqamətində səylərini günbəgün artıran Azərbaycandır!
"Unikal" xəbər verir ki, Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan Ordusunun bir gün ərzində uğur hekayəsini yazması yüksək peşəkarlığın, zəngin təcrübənin, mükəmməl planın nəticəsidir. Azərbaycan növbəti tarixi Zəfəri ilə Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlarını çatdırdı. 30 illik işğal dövründə məsələnin sülh danışıqları əsasında nizamlanmasında maraqlı olan Azərbaycan bütün beynəlxalq təşkilatların malik olduğu potensialdan səmərəli istifadə etməyə, ədalətin, beynəlxalq hüququn tətbiqi şəraitində ərazi bütövlüyümüzün təmin olunmasına səy göstərdi. Ən yüksək tribunalardan bəyan edildi ki, bir qarış torpağımız belə düşmənə verilməyəcək. Ən əsası Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz. 2020-ci il 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutması dövlətimizin, xalqımızın səbir kasasını doldurdu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Hücum!” əmrini yüksək əhval-ruhiyyə ilə qarşılayan Azərbaycan Silahlı Qüvvələri çox qısa zamanda, 44 gündə 30 ilin işğalına son qoydu. 44 gündə 6 şəhəri, 5 qəsəbəni, 300-ə yaxın yaşayış məntəqəsini işğaldan azad etmək yüksək peşəkarlıq, döyüş ruhu, təcrübəsi tələb edirdi ki, Azərbaycan Ordusu bunu dünyaya təqdim etdi. Dövlətimizin qətiyyəti, ordumuzun gücü, xalqımızın dəmir yumruq kimi birliyi sayəsində tarixi Zəfərimizə imza atdıq. Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda əksini tapan əsas müddəalardan biri Ermənistan silahlı birləşmələrinin qalıqlarının ərazilərimizdən çıxarılması idi. Təəssüflər olsun ki, 3 ilə yaxın dövrdə Ermənistan bu sənəddən irəli gələn öhdəliklərini yerinə yetirilməsi istiqamətində səylər göstərməmiş, törətdiyi təxribatlarla hələ də 30 illik işğal dövrünün ab-havası ilə yaşadığını təsdiqləmişdir.
YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, Azərbaycan tarixi Zəfərimizdən dərhal sonra regionda davamlı sülhün təmin edilməsi, Ermənistanla münasibətlərində yeni səhifənin açılması üçün qarşı tərəfə sülh müqaviləsinin imzalanmasını təklif etsə də hadisələrin gedişindən də göründüyü kimi, düşmən ölkə himayədarlarının dəstəyi ilə daim vəziyyətin daha çox gərginləşməsində maraqlı olub. Ermənistan sülh müqaviləsinin imzalanması ilə bağlı aparılan danışıqlarda iştirak edib sözdə bu təklifin özündə ehtiva etdiyi beynəlxalq hüququn prinsiplərini qəbul etsə də əməldə tamamilə fərqli bir yanaşma ortaya qoyur. Bu, mütəmadi olaraq təxribatların törədilməsi, ermənilərin “humanitar böhran” adı altında məqsədli planlarının həyata keçirilməsinə cəhdləri və sair kimi addımları ilə müşayiət olunur. Lakin Azərbaycan özünün sülh səylərini davam etdirərək Qarabağ ermənilərinə öz humanitar dəstəyini əsirgəmədi. Ermənistanın yaratdığı şounun arxasında hansı məqsədlərin dayandığı bəlli idi. İşğalçı dövlətdəki revanşist qüvvələr yaranmış vəziyyətin sülh yolu ilə başa çatmasına imkan verməyərək Azərbaycanın antiterror tədbirlərinə başlamaq məcburiyyətində qalmasına səbəb oldular. Tarixi Zəfərimizə gedən yolu geniş təhlil etməkdə məqsədimiz Azərbaycanın yalnız məcburiyyət qarşısında qaldığı təqdirdə məsələnin döyüş meydanında çözülməsinə səy göstərdiyini diqqətə çatdırmaqdır.
Vüqar Rəhimzadə vurğulayıb ki, separatçı hərbi xunta rejiminin bir gün ərzində ağ bayraq qaldırması bizləri 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun qarşısında diz çökməsini yada salmağa çağırış edir. 44 günlük İkinci Qarabağ müharibəsi ermənilərin və onların havadarlarının illərdir yaratdıqları mifləri tamamilə dağıtdı. Bu miflərdən biri Ermənistan ordusunun “məğlubedilməzliyi” idi. Lakin dünya məğlubedilməz ordunun Azərbaycan Ordusu olduğunu gördü. Lokal antiterror tədbirlərinin qısa zamanda başa çatması, separatçıların təslim olması da deyilənlərə bariz nümunədir. Dövlətimizin başçısı İlham Əliyev tarixi Zəfərimizdən sonra qarşıdakı dövrün əsas hədəflərini açıqlayarkən işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin aparılması ilə yanaşı, müdafiə gücümüzün artırılmasını da prioritet məsələ kimi qarşıya qoydu. Ordu quruculuğu istiqamətində səylərin daha da artırılacağını, Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin artırılacağını, maddi-texniki bazasının möhkəmləndiriləcəyini bildirdi. Növbəti tarixi Zəfərimiz bir daha ordu quruculuğu sahəsində son 3 ilə yaxın dövrdə görülən işlərin aydın mənzərəsini yaratdı. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrinin, qeyri-qanuni erməni silahlı dəstələrinin silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tam şəkildə tərksilah olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin Azərbaycan ərazilərini tərk etməsi, qeyri-qanuni erməni silahlı dəstələrinin buraxılması, eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi ilə bütün ölkə ərazisində suveren hüquqlarımız tam bərqərar olur.
YAP Xətai rayon təşkilatının sədri belə bir ümumiləşdirməni aparıb ki, Ermənistan və ona havadarlıq edən dövlətlər “Dəmir yumruq”, “Qisas” əməliyyatlarının dərslərini unutmağa çalışsalar da Azərbaycan Ordusu suverenliyimizə qarşı törədilən təxribatların qarşısını qətiyyətlə almaqla yenidən onlara bu dərsləri xatırlatdı. Azərbaycan müstəqilliyinə, suverenliyinə qarşı hər bir cəhdin qarşısını qətiyyətlə alır və bundan sonra da alacaq.