Sentyabrın 21-də Azərbaycan tərəfinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Vladimir Putin arasında telefon danışığı olub.

"Unikal" xəbər verir ki, Prezident İlham Əliyev sentyabrın 20-də Qarabağda Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçularının faciəli şəkildə həlak olması ilə bağlı üzrxahlıq ifadə edib və dərin hüznlə başsağlığı verib.

Baş verənlərlə bağlı hərtərəfli araşdırma aparılacağı və bütün təqsirkarların layiqli cəzalarını alacağı vurğulanıb. Bununla bağlı hər iki ölkənin baş prokurorluqları sıx əlaqədədir. Azərbaycan Prezidenti, həmçinin həlak olanların ailələrinə maddi yardım göstərilməsinə hazır olduğunu bildirib.

Tərəflər Qarabağda hərbi əməliyyatların tam dayandırılması ilə bağlı Rusiya sülhməramlı kontingentinin köməyi ilə əldə edilmiş razılaşmaların ardıcıl həyata keçirilməsinin vacibliyini qeyd ediblər. Bu kontekstdə sentyabrın 21-də Yevlax şəhərində Rusiya sülhməramlı kontingentinin iştirakı ilə Azərbaycanın dövlət strukturlarının nümayəndələri və Qarabağın erməni əhalisi arasında başlayan təmaslara böyük əhəmiyyət verilir.

Regionda vəziyyətin daha da sabitləşdirilməsi və humanitar problemlərin aradan qaldırılması üzrə prioritet addımlar müzakirə edilib. Vladimir Putin Qarabağın erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb. Azərbaycan tərəfinin Rusiya sülhməramlıları ilə bu məsələlər üzrə qarşılıqlı fəaliyyətə hazır olduğu təsdiqlənib.

2020-2022-ci illərdə yüksək səviyyədə əldə edilmiş məlum üçtərəfli razılaşmaların fonunda aparılan danışıqlar prosesində, ilk növbədə, nəqliyyat əlaqələrinin açılması, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hazırlanması üzrə işlərin fəallaşdırılması razılaşdırılıb.

***13:45

Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan lideri İlham Əliyev arasında telefon danışığı olub. 

"Unikal" xəbər verir ki, bu barədə Kreml məlumat yayıb. 

Telefon danışığında Qarabağda erməni əhalisinin təhlükəsizliyinin təmin edilməsinin vacibliyi vurğulanıb. 

Ölkə lideri Rusiya sülhməramlılarının Qarabağda həlak olması ilə bağlı dərin hüznlə başsağlığı verib. 

Prezidentlər həmçinin Qarabağda vəziyyətin daha da sabitləşdirilməsi və humanitar problemlərin aradan qaldırılması üçün prioritet addımları müzakirə ediblər və hərbi əməliyyatların dayandırılması ilə bağlı Rusiya sülhməramlılarının köməyi ilə əldə edilmiş razılaşmaların həyata keçirilməsinin vacibliyini qeyd ediblər.

Liderlər Qarabağ və Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası ilə bağlı razılaşmalara uyğun olaraq işi gücləndirmək barədə razılığa gəliblər.

Həmçinin Ermənistanın iştirakı ilə üçtərəfli danışıqlar prosesinin, o cümlədən Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hazırlanmasına dair danışıqlar prosesinin aktivləşdirilməsi razılaşdırılıb: "İlk növbədə nəqliyyat əlaqələrinin açılması, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hazırlanması baxımından ən yüksək səviyyədə məlum 2020-2022-ci illərdə imzalanmış üçtərəfli sazişlərə uyğun olaraq danışıqlar yolu üzərində işin intensivləşdirilməsi razılaşdırılıb".

Ağarza Elçinoğlu