Tarix yenilənir, hadisələr uzun zaman kəsiyindən sonra tərsinə dövr edir.30 ildir həsrətində olduğumuz, başımızı sinəmizdə saxlayan, cənnət Qarabağımız artıq doğma sakinlərinə qovuşub. Minlərlə azərbaycanlının qələbə əzmi ilə qoşulduğu Milli Ordunun Qarabağda müzəffər yürüşünü, dəmir yumruq kimi birləşməyimizi, millət olaraq əzmimizi böyük qürurla dünya tarixinə həkk edirik.  Qara hərflərlə alnımıza yazılan işğal tariximizi yurdumun igid oğulları qanları ilə təmizlədilər; alnımız açıqdır,üzümüz ağdır daha.

Şanlı Azərbaycan ordusunun mərdliklə, şücaətlə,  dastanlara sığmayan yurd həsrəti, qeyrət ilə döyüşlərə atıldığı bu günlər hələ 2016-cı ilin Aprel döyüşlərindən-böyük ZƏFƏRİN başlanğıcından öz sözünü deməyə başlamışdı. Bu vətən sevdası türkə xasdır, bizə özgürdür, qanımızdan, canımızdan gəlir. Bu sevda öyrətməklə olmaz, bu türk sevdasıdır, Azərbaycan qeyrətidir. Torpaq uğrunda ölmək üçün bizə qəlbimizdəki  istək yetərdi-doğulduğun torpağı bütöv, azad görmək istəyi... 

Yeraltı, yerüstü sərvətlərlə zəngin olan  bu diyar hələ lap qədimlərdən gözü doymayan, özgə sərvətinə göz dikən dövlətlərə həmişə yağlı tikə kimi görünüb. Əsrlərlə sərvəti talanıb, ocağı yağmalanıb, gah bölünüb, gah parçalanıb, gah satılıb torpağı bu ölkənin. Şəhidləri sayılmaqdan çıxıb, övlad qanı ilə yuyulub, çox yıxılıb, amma büdrədiyi yerdən də dimdik, başı uca, varlığıyla meydan oxuyaraq qalxıb ayaq üstə mənim vətənim. Naxçıvanı boynu bükük, tənha qoymaq istədilər, başından böyük arzularla qaldılar, Qarabağı qan ağladaraq işğal etdilər, qisas qiyamətə qalarmı heç? Gecə-gündüz düşmən tapdağında sızıldayan hər daşımız, çınqılımızın da bədəlini ödəmədən ölməyəcəksiniz, bizim bir ovuc torpağımız sizin cümlə varlığınızdan da qiymətlidir. Qurban olasınız Xocalıya, zəngin alanlı Zəngilana, basılmaz Şuşaya,  laçınlar yuvası Laçına, qəhrəmanlar diyarı Qubadlıya, Cəbrayıla, Füzuliyə, Tərtərimə qardaş olan Ağdama, adı belə əzəmət daşıyan Xankəndimə… 

Susmaz bu millət, gözündən axan hər damla yaşın hesabını sormayınca, azğın düşmənin qarşısında tərkisilah olunmuşlarının naləsini unutmayınca. Xarabazara çevrilmiş gül qoxulu yurdunun, daşı daş üstə qalmayan ocaqlarının qisasını almayınca. 
Tariximizi məhv edib bizi tarixdənmi siləcəkdiniz? Türk tarixin özüdür, siz zavallılar bunu dərk etməmisiniz hələ də. Fitvanıza qol çəkənlər olmasaydı, siz mənim millətimin Qarabağını yox, qara qadasını ala bilərdiniz ancaq! Türkün cihadı haqq yoludur, vətən yoludur, qeyrət savaşıdır; sizin bəsit, acgöz ,namərd oyunlarınıza bənzəməz. Allah deyib, canından keçər torpaq yolunda mənim qardaşlarım, şəhidlik  zirvəsi qazanar, ömürlük tarixə həkk olunar. Ölümün də şərəflisini qazanar, sizə o da nəsib olmadı. 

Bizim olmalıydı bizdən qoparılanlar, torpaq sizə məxsus olsaydı, 30 ildə xarabalıq kimi qalmazdı. Qayıdışımızı hiss edəndən,iki ilə qalmadan çiçəklənməyə başladı, sevdalısına qovuşmuş gənc qız kimi nura boyandı. Xariqələr yaradacaq yurdumun insanı orda, Qarabağ dünyanın cənnət məkanına dönəcək. 

Tarixə qələbəsi ilə ilkə imza atan cahandarımız, dünyaya əzmi, duruşu ilə səs salan liderimiz var bizim. Alnımız açıq, qürurlu, şəhidimizin hüznü ilə məğrur yaşayacağımız bütöv Azərbaycanımız var bizim. Torpağımızı bizə geri qazandıran qüdrətli ordumuz, igidlərimiz, cənnət mələyi şəhidlərimiz var bizim.

Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir. Acımız var, dərdimiz var, amma şərəfimizlə yaşayacağıq, gələcək nəsillərə ötürə biləcəyimiz şanlı tariximiz var bizim. Qanıyla suvardığı, canıyla qazandığı şəhidin əmanət torpağı var bizdə, əmanətin gözüm,başım üstünə,şəhidim. Səndən gələn hər nə varsa, bizimdir. Acınla ağlayıb, adınla dik duracağıq. Vətən sənə oğul dedi, gözün arxada qalmasın… 

Bu gün biz hamımız vətənik,Qarabağıq, bütöv Azərbaycanıq. İnsanlıqdan kənar caniliyə təslim olmayan, humanist xarakterik bütün olaraq. Hamımız şəhid ailəsiyik, hamımız yaralıyıq, hamımız qəhrəman qürurluyuq, hamımız əsgərik, eyni amallıyıq. Vahidik, dəmir yumruğuq, düşmənə gözdağıyıq, türk oğlu türkük, Turan elliyik… Gəlirik başımızın dəstəsi ilə; Ağdərədən keçib, Xocalıda nəfəs dərib , kəndinə qayıdan Xan nəsliyik. 

Biz hamımız Xankəndiyik!

Ekspert-yazar Gülər Mübariz