Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev ötən gün "Azadlıq" radiosuna müsahibə verib. O, müsahibəsində Qarabağdakı hazırki vəziyyətlə bağlı bəzi fikirlər irəli sürüb.

"Unikal" "Qafqazinfo"ya istinadən xəbər verir ki, Fərid Şəfiyevin iddiaları ilə bağlı hakimiyyət mənbələrindən verilən məlumata görə, bütün bunlar Şəfiyevin şəxsi fikirləridir və Azərbaycan dövlətinin mövqeyini əks etdirmir.

“Əslində, görünən odur ki, Fərid Şəfiyevin bu fikirləri belə imperativ qaydada səsləndirməyə nə haqqı var, nə də səlahiyyəti. O, Qarabağ erməniləri ilə müzakirələrdə iştirak etmir, bu məsələ ilə məşğul olan hər hansı bir orqanda təmsil olunmur. Belə olan halda bütün bu deyilənlər cənab Şəfiyevin şəxsi fikrindən başqa bir şey ola bilməz”, - deyə mənbə əlavə edib. 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi də İdarə Heyətinin sədri Fərid Şəfiyevin müsahibəsi ilə bağlı açıqlama yayıb.

Açıqlamada deyilir:

"Ermənistanın bəzi mətbuat orqanlarında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin müsahibələrindən birinə istinadən bəzi təhrif olunmuş məlumatlar verilib və bu məlumatlar eyni zamanda Azərbaycan mediasında da öz əksini tapıb. Həmin müsahibədə region, xüsusilə Ermənistanla Azərbaycan arasındakı vəziyyətə dair müzakirələr aparılıb və müzakirələr çərçivəsində müəyyən fikirlər, mülahizələr səsləndirilib. Qeyd etmək istəyirik ki, səsləndirilmiş bəzi fikirlər nəzəri xarakter daşıyır və Azərbaycan hökumətinin mövqeyini əks etdirmir. Ümumilikdə Azərbaycanın rəsmi mövqeyi ilə bağlı yalnız rəsmi məlumatlara istinad olunmalıdır. Bir daha vurğulamaq istəyirik ki, müsahibədən götürülərək yayılmış məlumatlar kontekstdən çıxarılıb və təhrif olunub".