Sentyabrın 19-da başlayan əməliyyatdan sonra deyə bilərik ki, Azərbaycan ordusu bu gün Xocalıya daxil olub və onlar Rusiya Sülhməramlıları ilə birlikdə bölgədədirlər. Erməni dəstələri silahlarını yerə qoyub geri çəkildilər.

"Unikal" xəbər verir ki, bu barədə CNN Türk-ün xüsusi xəbərlər departamentinin rəhbəri Fulya Öztürk hazırladığı reportajda açıqlayıb. 

O, qeyd edib ki, hazırda Azərbaycan ordusu Xocalıda öz varlığını nümayiş etdirir: "İndi Azərbaycan ordusu Rusiya qüvvələri ilə birlikdə Xocalıdadır və bölgəni təmizləməyə davam edir. Hələlik rəsmi açıqlama yoxdur, lakin bəzi Azərbaycan mətbuatında əksini tapan məlumata görə, Xocalı indi Azərbaycanın nəzarəti altındadır.

Erməni silahlı dəstələri böyük ölçüdə geri çəkilərək silahlarını yerə qoydular. Çox həssas əməliyyat aparılır. Antiterror əməliyyatının tam başa çatdığını söyləmək olmaz. Ələ keçirilən sursatların görüntüləri də zamanla paylaşılır.

Əməliyyat geniş ərazini əhatə edir. Ona görə də burada təmizlik işləri davam edir. Yaxın vaxtlarda İlham Əliyevin də bununla bağlı müraciət edəcəyi gözlənilir".

Ağarza Elçinoğlu