AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Qərarların qəbul edilməsini dəstəkləyən informasiya sistemləri laboratoriyanın müdiri, professor Ramin Rzayev 7-8 sentyabr 2023-cü il tarixlərində Niderland Krallığının Amsterdam şəhərində  keçirilən “IntelliSys – 2023: Intelligent Systems Conference” adlı beynəlxalq elmi konfransda iştirak edib.

"Unikal" xəbər verir ki, R.Rzayev konfransda “Qvadrokopterlərin avtomatik idarəetmə sistemlərində qeyri-səlis kontrollerlərin istifadəsi” (The Use of Fuzzy Controllers in Automatic Control Systems for Quadcopters) adlı məruzə ilə çıxış edib. Məruzə konfrans iştirakçılarının marağına səbəb olub, mövzu ətrafında müxtəlif suallar cavablandırılıb. Müəllifin, həmçinin “Dow Jones indeksin dinamikası nümunəsində qeyri-səlis zaman sıraların proqnozlaşdırılması” (Fuzzy Time Series Forecasting on the Example of the Dow Jones Index Dynamics) adlı digər məruzəsi də konfrans proqramına daxil edilib.

Qeyd edək ki, konfrans materialları sırasından seçilmiş məruzələr Springer nəşriyyatının dəstəyi ilə Scopus və Web of Science bazalarına daxil olan jurnalda dərc olunacaq.

Ətraflı məlumat üçün aşağıdakı linkə keçid edə bilərsiniz:

https://saiconference.com/IntelliSys