Moskva Qarabağa ərzaq və zəruri malların müntəzəm tədarükünü qurmağı planlaşdırır.
"Unikal"
xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Rusiya Qarabağda vəziyyəti sabitləşdirmək üçün ardıcıl addımlar atmağa davam edir.
Rusiya sülhməramlı kontingenti (RMK) fəal vasitəçiliyi ilə sentyabrın 20-də yaradılmış atəşkəs rejiminə əməl olunmasına nəzarət edir.
Bəyanatda deyilir: “Bütün səylərimizin mütləq prioriteti mülki əhali arasında yeni silahlı qarşıdurmanın və itkilərin qarşısını almaqdır”.
RMK erməni əhalisinə genişmiqyaslı humanitar yardım göstərir. Son iki gündə Rusiya sülhməramlıları bölgəyə 125 ton humanitar yardım və 65 ton yanacaq çatdırıb.
Planlara həm Laçın, həm də Ağdam marşrutları üzrə müntəzəm ərzaq və zəruri malların çatdırılmasının təmin edilməsi daxildir. 
RMK komandanlığının bilavasitə iştirakı ilə Bakı və Xankəndi nümayəndələri arasında danışıqların iki raundu baş tutub. Bu təmasların prioritet vəzifələri sırasında demilitarizasiya, dinc həyatın bərpası və Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsi məsələləri var.
“Ümid edirik ki, bu prosesin müsbət nəticələri Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-2022-ci illər üçün sazişlər toplusunun həyata keçirilməsi üzrə işlərin sürətlə bərpasına, o cümlədən nəqliyyat kommunikasiyalarının blokunun açılmasına, sərhədlərin müəyyənləşdirilməsinə töhfə verəcək”, - bəyanatda deyilir.