Azərbaycan Respublikasının Baş Prokurorluğu Qarabağda separatçılıq etmiş erməni generalın həbsi barədə məlumat yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, istintaq müəyyən edib ki, 1965-ci ildə Azərbaycan Respublikasının Xocavənd rayonunda anadan olmaqla orada yaşamış, Ermənistan Respublikasının sabiq hərbi qulluqçusu, 2015-2018-ci illərdə qondarma rejimin “müdafiə naziri” vəzifəsində işləmiş, eləcə də, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərmiş qanunsuz hərbi silahlı qrupun üzvü olan Mnatsakanyan Lyova Henrixi qabaqcadan əlbir olduğu şəxslərlə birgə 2002-ci il mayın 8-də beynəlxalq humanitar hüquqla müdafiə olunan Məmmədov İlham Yusif oğlunu və digər əsir düşmüş azərbaycanlıları Füzuli rayonunun Alxanlı kəndi ərazisində əsir götürərək Füzuli şəhərində yerləşən hərbi hissədə milli ədavət zəminində çoxsaylı işgəncələr verib və həmin il noyabrın 19-dək onu əsirlikdə saxlayıb.
Lyova Mnatsakanyanın 2006-cı il noyabrın 8-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 113-cü (işgəncə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb ediməsi barədə qərar qəbuil edilib və həmin il noyabrın 14-də barəsində müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilib.
Cari il sentyabrın 29-da L.Mnatsakanyan Laçın Sərhəd Buraxılış məntəqəsindən Ermənistan Respublikasına keçmək istəyərkən saxlanılaraq istintaqa təqdim olunub və həmin tarixdə ona qeyd olunan maddə ilə ittiham elan edilib.
L.Mnatsakanyan barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair məhkəmə qərarı icra olunaraq Dövlət Təhlükəsizliyi Xİdmətinin istintaq təcridxanasına etap olunub.
Hazırda cinayət işləri üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.