İsmət Abbasova misli görünməmiş şok
11:53 05-04-2013
CƏMİYYƏT
İsmət Abbasova misli görünməmiş şok
Kənd Təsərrüfatı Nazirliyindəki müdhiş korrupsiya üzə çıxdı
Son vaxtlar heç də yaxşı günlərini yaşamayan kənd təsərrüfatı naziri İsmət Abbasov yoxlama şoku ilə üzləşib. Ölkə başçısının yanında, bu ilin fevralında aqrar sektora ayrılan vəsaitlərin qeyri-şəffaflığı dilə gətirildikdən sonra onsuz da durumu heç də yaxşı olmayan Abbasov indi də Hesablama Palatasının auditi zamanı ortaya çıxan müdhiş mənimsəmə faktları ilə sarsılıb.
Belə ki, Hesablama Palatası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki təsərrüfatlara büdcədən toxumlara və tinglərə görə ayrılan subsidiyanın proqnozlaşdırılması və icrasının auditini apararkən ciddi nöqsanlar üzə çıxarıb. Milli Məclisdən bildirilib ki, bu barədə məlumat Hesablama Palatasının parlamentə təqdim etdiyi hesabatda əks olunub.
Subsidiyanın ödənilməsi üçün daxil olmuş müraciətləri araşdırmaq məqsədi ilə aparılan yoxlamalar nəticəsində məlum olub ki, reproduksiyalı toxumlar və tinglər üçün kvotanın müəyyənləşdirilməsi məqsədilə subsidiya alan təsərrüfatlarda müvafiq kənd təsərrüfatı məhsulları üzrə məhsuldarlığın dəyişmə dinamikasının qiymətləndirilməsi həyata keçirilməyib, qanunvericilikdə nəzərdə tutulmayan müxtəlif əmsallar müəyyən edilərək ödəmə aparılıb,
mövcud qanunvericiliyin tələbləri gözlənilməyərək nəzarət tədbiri həyata keçirilən müvafiq rayonlarda ərazilər üzrə işçi qrupları yaradılmayıb. Bəzi rayon komissiyaları tərəfindən subsidiyanın ödənilməsi üçün sənədlər Respublika Komissiyasına natamam və müəyyən çatışmazlıqlarla təqdim edilib, bəzi rayon komissiyalarında sənəd dövriyyəsi düzgün qurulmayıb, hüquqi şəxslərin müvafiq müvəkkil banklardakı hesablaşma hesabının olmasına baxmayaraq, vəsaitlər hüquqi şəxslərin rəhbərinin adına olan ödəmə kartlarına köçürülüb. Bəzi rayonlarda sertifikat verilmiş toxumun keyfiyyəti aşağı olub.
Optimal səpin müddətinə, səpin və gübrə normasına və digər aqrotexniki qaydalara əməl edilməməsi nəticəsində sortların məhsuldarlığı potensial məhsuldarlıqdan dəfələrlə aşağı olub, bölgüdən az və çox satılma halları olub, Aqrar Elm Mərkəzinin rayon təşkilatlarında və dövlət toxumçuluq təsərrüfatlarında elit toxum əkinlərindən əldə olunmuş məhsuldarlıq, həmin toxumları əkən özəl toxumçuluq təsərrüfatları ilə müqayisədə xeyli aşağı olub, istehsal edilən 1 kq toxumun maya dəyəri isə özəl təsərrüfatlarda istehsal edilən toxumun maya dəyərinə nisbətən yüksək olub. Toxumun müəyyən hissəsi kondisiyaya çatdırılmadan birbaşa sahədən satılıb, lazımı miqdarda əkin sahəsi və maddi texniki bazası olmayan toxumçuluq subyektləri fəaliyyət göstərib. Bəzi hallarda subsidiya ödənilməsi üçün təqdim edilmiş sənədlərdə, toxum istehsalına dair hesabat formasında, bəzi qaimə fakturalarda və alqı-satqı müqavilələrində imzaların olmaması, bəzi qaimə fakturaların ciddi uçot blanklarında
yazılmaması, bəzi hallarda sertifikat olmadan toxum satışının həyata keçirilməsi, subsidiyanın alınması məqsədilə toxumçuluq təsərrüfatları tərəfindən 2-ci reproduksiyalı toxumların bir birinə satılması halları müəyyən olunub. Nəzarət tədbiri həyata keçirilən rayonların toxumçuluq təsərrüfatları tərəfindən satılan toxumun səpildiyi sahələrə baxış keçirilmədən səpin barədə dəqiq olmayan arayışlar verilib, audit aparılan 5 rayon üzrə dövlət və özəl toxumçuluq təsərrüfatlarına subsidiyanın artıq ödənildiyi müəyyən edilib, digər nöqsanlara yol verilib.
Nöqsan və çatışmazlıqlara yol vermiş təşkilatların 16 əməkdaşına qarşı intizam tənbehi tədbirlər görülüb, o cümlədən, 4 nəfər (2 idarə rəisi, 2 aqronom) işdən azad edilib, 10 nəfərə (6 idarə rəisi, 4 aqronom) töhmət verilib, 2 nəfər (1 icra hakimiyyətinin müavini, 1 idarə rəisi) xəbərdarlıq edilib, müvafiq tələblərə cavab verməyən 224 təsərrüfat subyekti toxum istehsalçılarının dövlət reyestrindən çıxarılıb. Subsidiyanın ödənilməsi Qaydasında boşluqların aradan qaldırılması, toxum və ting istehsalının subsidiyalaşdırma sisteminin sadələşdirilməsi barədə təkliflər Hesablama Palatası tərəfindən Nazirlər Kabinetinə təqdim edilib.
Qeyd edək ki, subsidiyaların korrupsiya predmetinə çevrilməsi yenilik deyil, mətbuat davamlı olaraq bu mövzunun üzərinə gedir və elə fermerlər tərəfindən də bu məsələ ilə bağlı davamlı şikayətlər gəlir. Məlum fevral konfransında dövlət rəhbəri də bu məsələyə sərt münasibət
bildirmişdi. İndi isə ali qanunverici orqanın nəzarətindəki Hesablama Palatasının yoxlamaları aqrar sektorda bu cür nöqsanları bütün çılpaqlığı ilə ortaya çıxarıb.
İndi maraqlıdır: adətən KİV-in iddia və ittihamlarını "böhtan" adlandıran kənd təsərrüfatı rəsmiləri artıq rəsmi şəkildə təsdiqini tapan faktlara nə deyəcək, bunu da "uydurma" adlandırmağa cəsarət edəcəkmi?
Digər tərəfdən isə artıq əminliklə söyləmək olar ki, kənd təsərrüfatı naziri İsmət Abbasov iqtidar içində olan-qalan dəstəkdən də məhrum edilmək təhlükəsinin bir addımlığındadır, onun nazirliyi ilə bağlı bu ifşalar da əslində onun seçkiyədək görəvdən alınacağına dair ehtimalları qüvvətləndirir. Ən pis halda kənd təsərrüfatı nazirinin prezident seçkilərindən sonra formalaşdırılacaq yeni hökumət kabinetində yer almayacağını əminliklə söyləmək olar.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-23 09:40:24
2024-11-23 09:23:00
2024-11-23 09:13:51
2024-11-23 08:53:12
2024-11-22 23:33:36
2024-11-22 22:48:30
2024-11-22 20:35:08
2024-11-22 19:38:04
2024-11-22 18:45:14
2024-11-22 18:41:19
2024-11-22 18:05:14
2024-11-22 17:54:00
2024-11-22 17:28:04
2024-11-22 16:55:08
2024-11-22 16:46:45
2024-11-22 16:39:35
2024-11-22 16:28:54
2024-11-22 16:27:05