Heydər Əsədov hesabat verdi
11:07 06-04-2013
CƏMİYYƏT
Heydər Əsədov hesabat verdi
Milli Məclisdə dövlət qurumlarındakı nöqsanlardan danışdılar
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. Oqtay Əsədovun sədrliyi ilə baş tutan iclasda cari məsələlər müzakirə olunmayıb. Bir başa Hesablama Palatasının sədri Heydər Əsədovun hesabatı dinlənilib. Heydər Əsədov bildirib ki, əgər 2011-ci ildə 46 nəzarət tədbiri həyata keçirilmişdisə, ötən il onların sayı 68-ə çatıb. “Müxtəlif sahələri əhatə edib. Səfirliklərdə də yoxlamalar keçirilib. Respublikanın Baş Korrupsiya İdarəsi ilə 2 yoxlama da baş tutub. Bir neçə il aparılan yoxlamalar maliyyə vəsaitlərindən istifadə xeyli yaxşılaşıb. Nöqsanların əksəriyyəti cinayət xarakterli deyil. Sadəcə mühasiblərin qeyri-peşəkarlığından, kimlərinsə düzgün göstəriş verməməsindən asılı olub”.
Palata sədrinin sözlərinə görə, sosial vəsaitlərdən istifadədə sui-istifadə halları artıb. “Mühasib maliyyəçilər qadınlar olan yerdə belə halların çəkisi daha da artıb. Bu halların səbəbləri isə əsasən bəzi yerlərdə maliyyə işlərinə kifayət qədər diqqət yetirilməməsi, maliyyə xidmətinin peşəkar kadrlarla təmin olunmaması və s. bağlıdır. Bu nöqsanların qanun boşluqları, normativ sənədlərin çatışmazlığı, bir sıra subyektlərdə köhnə SSRİ dövründən qalma sənədlərindən istifadə olnmasıdır”.
H. Əsədov bildirib ki, hər il onlarla təklif hökumətə göndərilir. Bu dəfə də hökumətə təqdim olunan 100 təklifin nəticəsi haqqında məlumat verilib. 2011-də 57, ötən il isə 100 təqdimat göndərilib. Onların 25%-i nazirliklərə ünvanlanıb. “Onların böyük əksəriyyəti həvəslə yerinə yetirilib”.
Xarakterik nöqsanlardan danışan H. Əsədov bildirdi ki, bir çox büdcə təşkilatlarında artıq ştatlar aşkarlanıb. “Görülən tədbirlər nəticəsində 550 ştat ləğv olunub, 220 qrup bağlanılıb. 1 milyon 100 mindən artıq mal mədaxil olunaraq inşa edilib, alınmış, əsas fondların mədaxil edilməməsi, uçota alınmamasıdır. Hesablama Palatasının tədbirləri nəticəsində təsərrüfat təşkilatlarda 88,8 milyon manatlıq vəsait uçota alınıb, 4 milyon 366 min manat dövlət büdcəsinə nəql edilib, 144 min manat məbləğində sosial müdafiə xərcləri DSMF-yə köçürülüb. Hüquq-mühafizə orqanlarına göndərişlərdən başqa, təsərrüfat subyektlərində cəza tədbirləri də görülüb: 44 adam işdən çıxarılıb, onlardan 13-ü vəzifəli şəxs, 3-ü müavindir. Daha 44 nəfərə şiddətli töhmət, 92 nəfərə töhmət elan olunub”.
Qüdrət Həsənquliyev
Hesablama Palatasının sədrinə irad tutdu
Milli Məclisdə Hesablama Palatasının hesabatının müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev çıxış edib. O bildirib ki, büdcə vəsaitinin mənimsənilməsi faktlarının hər biri haqqında cinayət işi açılmalıdır: “Adi bir kollecdə 147 ştat vahidi artırılıb, 20 min manatdan artıq vəsait nağd şəkildə geri qaytarılıb. Orada baş mühasib işdən çıxarılıb, rəhbərlərə xəbərdarlıq edilib. Yoxlama başa çatandan sonra başqa bir mühasib işə götürəcəklər. Hamı bilir ki, Azərbaycan reallığından rəhbərin razılığı olmadan bir manat da mənimsənilə bilməz. Bəziləri düşünür ki, oğurlasa da, uzağı xəbərdarlıq alacaq və vəsaiti geri qaytaracaq”.
Deputat hesab edir ki, Hesablama Palatası sahibkarlara məcburən iş görülməsi hallarını da araşdırmalıdır: “İmişli rayon icra başçısının qardaşı deyir ki, öz qardaşım mənə iş gördürtdürüb, pulumu vermir. Bu cür hallar araşdırılmalıdır. Yoxsa desək ki, hər şey yaxşıdır, hər şey aydınıdır, baş verənlər cinayət xarakterli deyil, biz belə yolla korrupsiyaya qarşı effektiv mübarizə apara bilmərik”.
Spiker Heydər Əsədovun müdafiəsinə qalxdı
Deputat Əli Məsimli rəqəmləri toplamağa və Hesablama Palatasının fəaliyyətinin nə dərəcədə sərfəli olduğunu müəyyənləşdirməyə çalışıb. Onun sözlərinə görə, 2012-ci il ərzində qurumun büdcəsi 2,9 milyon manat olub. “Bunun müqabilində nə qədər vəsait dövlət büdcəsinə qaytarılıb?” – deyə sual edən Əli Məsimli hesab edir ki, şərait yaradılsa, Hesablama Palatası bundan qat-qat artıq, on milyonlarla manat vəsaiti büdcəyə qaytara bilər.
Millət vəkili Vahid Əhmədov da hesabatla bağlı bəzi iradlarını bildirib. O, Hesablama Palatasını ölkədə icra olunan iri infrastruktur layihələrini də nəzarətə götürməsini təklif edib.
Hesablama Palatasının səlahiyyətləri və bu quruma hansısa təzyiqlərlə bağlı Zahid Orucun dediklərinə cavab olaraq Oqtay Əsədov bildirib ki, heç kim Hesablama Palatasının rəyinə təsir göstərə bilməz: “Heydər müəllimin özü fizikdir. Bilir ki, təsir, əks-təsirə bərabərdir” – deyə spiker mübahisəyə müdaxilə edib.
”Cəza tədbirlərinə
diqqət yetirilməlidir”
Millət vəkili Siyavuş Novruzov Milli Məclisin bildirib ki, dövlət büdcəsi vəsaitləri artarsa, onlara nəzarət mexanizmləri də genişləndirilməlidir. Deputat Hesablama Palatasının işçilərinin sayının artırılmasını təklif edib.
S. Novruzovun sözlərinə görə, gələcəkdə yoxlamaların nəticələri haqqında yalnız hüquq-mühafizə orqanlarına yox, birbaşa ictimaiyyətə məlumat verilsin: “Cəza tədbirlərinə də diqqət yetirilməlidir. Əsas aradan çıxan vəsaiti geri qaytarılmasıdır. Adam oğurladıqlarını qaytarıb, özünü işdən çıxarılması kifayət qədər yüksək cəzadır. Onun əlavə olaraq həbsinə ehtiyac yoxdur”.
Hesablama Palatası korrupsiyaya göz yummaqda suçlandı
Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov da hesabatla bağlı müzakirələrdə iştirak edib.
İlyas İsmayılov ilk növbədə qeyd edib ki, son illər Hesablama Palatasının əsas fəaliyyət göstəricilərində müsbət dinamika müşahidə olunur: “Doğrudan da, bu qurum çox kiçik aparatla böyük işlər görür. Ölkənin büdcə həyatının, demək olar ki, bütün növ subyektləri yoxlamalarla əhatə edilir - Palata “Azərbaycan Respublikasının Hesablama Palatası haqqında” Qanunda göstərilən bütün müddəaları, ələlxüsus, özünün əsas funksiyalarını, demək olar ki, əsasən yerinə yetirir”.
Bununla belə, İ.İsmayılov Palataya gələcək fəaliyyətində bəzi məsələlərə daha çox diqqət ayırmağı tövsiyə edib: “Ötənilki hesabatı təqdim edərkən Palata sədri, hörmətli cənab Heydər Əsədov göstərmişdi ki, "Nöqsanların əsas hissəsi dövlət alışlarında, kommunal-mənzil sistemində normativlərin düzgün tətbiq edilməməsində və s. aşkarlanıb". Builki hesabatda da əsas nöqsanlar eyni sahələrdə aşkar olunub. Bu isə o deməkdir ki, burada hansısa sistemli problemlər mövcuddur. Yəni, göstərilən sahələrdə artıq idarəçilik islahatlarına, o cümlədən dövlət alışlarının tam şəffaf keçirilməsini təmin edən, kommunal-mənzil sisteminin strukturu, onun kadr heyətinin düzgün formalaşması, işçilərin peşə hazırlığının artırılması kimi sahələrdə ciddi islahatlara ehtiyac var”.
Məlum olduğu kimi, Hesablama Palatasının işində yoxlamalar əsas yer tutur. İkinci əsas istiqamət isə dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinin layihələrinə, dövlət büdcəsinin icrası barədə illik hesabata və müvafiq qanun layihələrinə rəy verməkdir. Məhz bu baxımdan deputat bildirib ki, qanun layihələri Milli Məclisin müzakirəsinə çıxarılmazdan əvvəl rəy üçün Hesablama Palatasına təqdim olunarkən, onlara, prioritet sayılan məsələlərə dair daha dərin analitik rəylərin verilməsini məqsədəuyğun sayır: “Büdcə xərclərinin əsas istiqamətləri hansılar olmalıdır? Bu suala cavab vermək üçün bir faktı xatırladım. Yadınızdadırsa, Avropa İnkişaf Bankı 2011-ci ildə əhali arasında rəy sorğusu keçirmişdi. Verilən sualların biri dövlət xərclərinin prioritetlərinə aid idi və sorğu iştirakçılarının 55 faizi büdcə vəsaitlərinin əsasən təhsil, səhiyyə və kasıbların müdafiəsi məsələlərinə yönəldilməsini arzuladığını bildirmişdi. Təsadüfi deyil ki, keçid dövrü ölkələri içərisində Azərbaycan kasıblarla varlılar arasında kəskin fərqin azaldılması və bərabərliyin müdafiə edilməsi sahəsində, təəssüf ki, sonuncu yerlərdədir. Zənnimcə, Hesablama Palatası məhz təhsil, səhiyyə və kommunal təsərrüfatı təşkilatlarında qayda-qanunun yaradılmasına indikindən də çox vaxt ayırmalı, əhalini narahat edən məsələləri daha prinsipial həll etməlidir”.
İlyas İsmayılov xüsusi vurğulayıb ki, Palata öz işində tarif məsələlərini də diqqətdən kənar qoymamalıdır. İ.İsmayılov ölkənin inkişafına əngəl törədən ən ağrılı məsələyə - korrupsiyaya qarşı mübarizəyə də toxunub: “Palatanın hesabatında bu məsələyə cəmi 2,5 səhifə ayrılıb və orada yalnız 2-3 xırda təşkilatın yoxlanılması haqda məlumat verilir. Mənə elə gəlir ki, büdcə xərclərinin həcmi, strukturu və təyinatı üzrə vaxtında icrasına nəzarəti həyata keçirməli olan Palatamız büdcədən maliyyələşən nəhəng infrastruktur layihələri üzərində daha ciddi nəzarət qurmalı, il ərzində həyata keçirilən belə layihələrin hamısının icrasını mütəmadi şəkildə yoxlamalıdır” .
Milli Məclis
Heydər Əsədovun
hesabatını qəbul etdi
Milli Məclisin iclasında özünə ünvanlanan sualları cavablandıran Hesablama Palatasının sədri Heydər Əsədov səslənən təklif və iradları nəzərə alacaqlarını bildirib. Dünya Bankı işimizin təkmilləşməsi ilə əlaqədar 2 milyon dollarlıq qrant ayırıb. Bu vəsait həm də deputatların qaldırdığı məsələlərin həllinə yönəldiləcək”.
Heydər Əsədov büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı başqa faktlar da sadalayıb. “Təkcə səhiyyə sahəsinə aid təqdimatla bağlı 1000-dən çox çarpayı ləğv edilib. Bu, xeyli vəsaitin büdcəyə qaytarılması deməkdir.
Palata sədrinin sözlərinə görə, vəsaitlərin qaytarılması məsələsi şəxsən onun öz nəzarətindədir: “Təqsiri olmayan heç kim bu vəsaiti qaytarmır”. Hesablama Palatasına təzyiqlərə gəlincə, H. Əsədov bildirib ki, onun işlədiyi dövrdə bir dəfə də olsun təzyiqlə üzləşilməyib. “Əgər bu məsələdə hansısa liberal mövqeyimiz varsa, öz münasibətimizin nəticəsidir: Bu dəqiqə bir yoxlamanın içindəyik, bir neçə qadın müəyyən qədər vəsaiti mənimsəyib. Ailəsinə qədər yoxlamışıq, 3 qaçqın ailə birlikdə yaşayır. Onlar haqda ciddi tədbir görə bilmirik. Yenə deyirəm, bu, təzyiqlə bağlı deyil, öz liberal yanaşmağımızın nəticəsidir”.
Sonda Milli Məclis 103 lehinə, 2 nəfər əleyhinə olmaqla Hesablama Palatasının hesabatı qəbul edilib.
Xanım deputat
avtobus sürücülərindən şikayətləndi
Daha sonra deputat Vahid Əhmədov zavod istehsalı olan maşınlarda da pərdələrin sökülməsinin səbəbi ilə maraqlanıb: “Səbəb nədir? Yol polisi belə istəyirsə, belə də olmalıdır? Özümüzdən qanun niyə çıxarırıq?”
DYP təmsilçisi Ramiz Hüseynov bu məsələdə qanunun tələblərinə əməl olunduğunu deyib.
Millət vəkili Sabir Rüstəmxanlı Azərbaycanda istehsal olmadığına görə maşınların hazır pərdəli şəkildə gəldiyini deyib: “Bu, hazır maşındır. Sürücü neyləsin?! Gərək onda pəncərəni dəyişəsən. Bu da əlavə xərcdir. Ya maşınları özümüz, ya da qanunlarımızı maşınlara uyğunlaşdırmalıyıq”. S. Rüstəmxanlı piyadaların gəzməyə səkidə yer tapmadıqlarından şikayətlənib: “Səkilərdə maşın əlindən tərpənmək olmur. Buna çarə tapılmalıdır. Azneft meydanında 5 polis maşını dayanıb, DYP işçiləri öz aralarında zarafatlaşırlar, 1 km aralıda isə tıxacdır. Maşın dayandırılma yerləri inşa edilməlidir. “Maşın oğruları” kimə gücləri çatırsa, götürüb maşınları aparırlar. Ona qalsa, gərək Bakının mərkəzindən bütün maşınlar aparılmalıdır”.
Milli Məclisin sədri Oqtay Əsədov şəhərdə dayanacaq yerlərinin az olduğunu deyib: “Amma indi belə yerlər tikilir. Bunlar olandan sonra gərək qanun qəbul edək ki, şəhərdə dayanacaq yerləri müəyyən olunsun. İnsanlar maşını hara qoysun? Gərək dayanacaq yerlərini müəyyənləşdirək, sonra tələb edək ki, yerinə qoysun”.
Deputat Aytən Mustafayeva isə başına gələn hadisədən danışıb. Şəhərin mərkəzində avtobusun gənc sürücüsü onun maşınının güzgüsünü sındırıb. “Heç nə də eləmək mümkün deyil. Bu cür sürücülər insanların təhlükəsizliyinə görə cavabdeh daşıyır. Avtobusu sürətlə sürürlər, deyirlər ki, tıxacdır, tez çataq. Şikayətlənəndə, deyirlər ki, istəmirsənsə, düş get”. Sədr Oqtay Əsədov isə bütün bunların qanunla qadağan olunduğunu deyib. Onun fikrincə, yol polisi tərəfindən reydlərin sayı çox olsa, sürücülər də qanuna daha çox riayət edərlər.
Hüseyn İsgəndərov
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22