Misir Mərdanovun şok məğlubiyyəti
11:08 06-04-2013
CƏMİYYƏT
Misir Mərdanovun şok məğlubiyyəti
Nazir dərsliklərin çapı ilə bağlı tenderlərə niyə dəyişiklik etdi?
“Dərsliklərin hazırlanması ilə bağlı keçirilən tender qaydalarına dəyişiklik edilib. Bundan sonra dərsliklərin hazırlanması üzrə ayrı, çapı üzrə isə ayrıca tender keçiriləcək”. Bunu dünən Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı deyib.
Şahbazlı bildirib ki, nəşriyyatlardan biri, Azərbaycan Satınalmalar üzrə Dövlət Agentliyinə (SDA) dərsliklərin məzmununun müəllifi olan nəşriyyatın çapını da həyata keçirməsi ilə bağlı şikayət edib. SDA da bunu irad tutub: “Ona görə də bundan sonra Təhsil nazirliyi Agentlik necə tələb edir, elə edəcək. Əslində mən burada elə bir problem görmürəm dərsliyin hazırlanması və çapı bir tenderin predmetidir. Amma deyirlər dərsliyin hazırlanması və çapı üçün ayrı- ayrı tender keçirilsin, biz də belə edəcəyik. Sadəcə olaraq dərsliyi hazırlayan nəşriyyat elə həmin dərsliyi çap edəndə səhv az olurdu. Hər iki prosesə özü nəzarət etdiyindən, səhvləri izləyə bilirdi. İndi bir az çətin olacaq”.
“Unikal” olaraq maraqlı bir məqamı xatırladaq ki, SDA ötən il Təhsil Nazirliyində keçirilən tenderlə bağlı məlumatları Baş Prokurorluğa göndərib. SDA-dan verilən məlumata görə, Agentliyə 2012-ci ildə daxil olmuş şikayətlərdən biri Təhsil Nazirliyi tərəfindən I və V siniflər üçün dərsliklərin hazırlanması və çap edilməsi işlərinin satın alınması üzrə keçirilən ikimərhələli tenderdə yol verilmiş nöqsanlar barədə olub.
Şikayətin araşdırılması zamanı müəyyən edilib ki, Təhsil Nazirliyinin Tender Komissiyasının sədri “Altun-kitab” və “Aspoliqraf” nəşriyyatları tərəfindən çap olunan dərslik və digər vəsaitlərin müəllifi və həmmüəllifidir və bu cəhətdən onlar arasında qarşılıqlı asılılıq münasibətləri mövcuddur. “Bu da, I və V siniflər üçün dərsliklərin hazırlanması və çapı üzrə keçirilən ikimərhələli tenderdə maraqların ziddiyyətini yaradır”.
Halbuki, “Dövlət satınalmaları haqqında” qanunun 13.2-ci bəndinə əsasən, satınalma proseduralarından əvvəlki 3 il ərzində satınalma proseduralarında iştirak edən iddiaçı ilə asılılıq münasibətləri olanlar satınalma proseduraları zamanı satınalan təşkilatın təmsilçisi, məsləhətçisi və satınalmalarla əlaqədar digər vəzifələrin icraçısı ola bilməzlər. Bütün bunları nəzərə alaraq, Agentlik qanunvericiliyi rəhbər tutaraq sözügedən tenderə xitam verilməsi barədə Təhsil Nazirliyinə məktub göndərib.
Eyni zamanda, Agentlik şikayətlə əlaqədar Təhsil Nazirliyi tərəfindən keçirilmiş tenderdə yol verilmiş nöqsanlar və Agentliyin gördüyü tədbirlər barədə Baş Prokurorluğa məlumat verib. “Hazırda prokurorluqda sözügedən məsələ ilə əlaqədar istintaq aparılır”, - deyə məlumatda bildirilir.
İndi Misir Mərdanovun gözlənilmədən dərsliklərin çapı ilə bağlı tenderlərə dəyişikliklər etməsi onun yaranmış çətin situasiyadan xilas olmaq cəhdi sayıla bilər. Məsələnin artıq Baş Prokurorluq səviyyəsində aparılan istintaqın predmetinə çevrilməsi təhsil nazirində əndişə yaratmaya bilməzdi. İşin bu qədər böyüməsi belə görünür ki, Mərdanovda əməlli-başlı narahatlıq doğurub və o, vəziyyəti yumşaltmaq qərarına gəlib.
Bəzi ekspertlərin fikrincə, bu, Mərdanovun dərsliklər uğrunda mübarizə aparan qüvvələrlə “döyüş”də məğlubiyyətindən başqa bir şey deyil. Proseslərin belə davam edəcəyi təqdirdə təhsil nazirinin “dərslik bazarı” üzərində nəzarəti əhəmiyyətli şəkildə itirəcəyi artıq çoxlarında şübhə doğurmur.
Yəni haqqında danışılan dəyişiklik Mərdanovun geriyə ilk addımıdır, qarşıda təhsil nazirinin geri addım atacağı istisna olunmur - çünki rəqibləri bu məsələdə ona qarşı həqiqətən də çox amansızdırlar.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22