Avropa Futbol Assosiasiyaları İttifaqı ( UEFA ) yaxın iki həftə ərzində İsraildə baş tutmalı olan bütün oyunları qeyri-müəyyən müddətə təxirə salıb.
"Unikal" xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Beləliklə, 2024-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də baş tutmalı olan İsrail - İsveçrə oyunu təxirə salınıb. Görüş Təl-Əvivdə baş tutmalı idi. Bundan başqa , İsrail gənclər komandasının Estoniya və Almaniya ilə görüşləri də təxirə salınıb .
Oktyabrın 7-də Həmas qüvvələri İsrail ərazisinə 5 mindən çox raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib.
İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. Hücumlara cavab olaraq İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında HƏMAS-ın 21 hədəfinə zərbələr endirib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı “Dəmir Qılınclar” adlandırılıb.