Azərbaycan cüdoçuları Qazaxıstanın Aktau şəhərində keçirilən cüdo üzrə Açıq Asiya turnirində 1 qızıl, 2 gümüş və 1 bürünc medal əldə ediblər.
Azərbaycan Cüdo Federasiyasından "Unikal"a verilən məlumata görə, cüdoçularımız yarışda medal əyarına görə ümumi hesabda 3-cü, kişilər arasında isə 2-ci yeri tutub.
Azərbaycan yarışda 7 çəki dərəsində 14 cüdoçu ilə təmsil olunub. Turnirinin ilk günündə cüdoçularımız 1 gümüş medal, yarışın ikinci günündə isə 3 medal qazanıblar.
-81 kq. çəkidə İmamverdi Məhərrəmov yarışın gümüş medalına sahib olub. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Məmmədrza Hacızadə 7-ci yerdə qərarlaşıb.
-100 kq. çəkidə Ruslan Nəsirli bütün rəqiblərinə qalib gələrək qızıl medal əldə edib.
+100 kq. çəki dərəcəsində İmran Yusifov bürünc medal qazanıb. O, üçüncü yer uğrunda görüşdə həmyerlisi Camal Feyziyevi məğlub edib. Nəticədə Camal Feyziyev yarışı 5-ci yerdə tamamlayıb.