Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz qardaş ölkədə səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
“Unikal” xəbər verir ki, görüşdə Milli Məclisin deputatları - YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə, YAP Təftiş Komissiyasının sədri Sevinc Hüseynova, YAP ilə AK Parti arasında əlaqələndirici Ramil Həsən və YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov iştirak ediblər.
Nümayəndə heyəti ilə görüşdə çıxış edən Cevdet Yılmaz iki dost və qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərin uğurla inkişaf etdiyini söyləyib.
Vitse-prezident qeyd edib ki, nümunəvi xarakter daşıyan Türkiyə-Azərbaycan işbirliyi regional və beynəlxalq əhəmiyyətə malikdir. C.Yılmaz vurğulayıb ki, iki ölkənin münasibətləri xalqlarımızın birliyini ifadə edən möhkəm təməl üzərində qurulub və dostluğumuz, qardaşlığımız əbədidir. Türkiyə və Azərbaycan beynəlxalq platformalarda bir-birini fəal şəkildə dəstəkləyir.
Səmimi qəbula görə minnətdarlığını bildirən Tahir Budaqov iki ölkənin liderləri – Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın məqsədyönlü siyasətləri nəticəsində Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu, dövlətçilik maraqlarımızın məharətlə təmin edildiyini vurğulayıb. 44 günlük Vətən müharibəsində Azərbaycana böyük mənəvi-siyasi dəstək göstərən qardaş Türkiyənin yeni reallıqlar fonunda da ölkəmizin haqlı mövqeyini müdafiə etməsinin dostluq və qardaşlıq örnəyi olduğunu söyləyib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.