"Prezident İlham Əliyevin 20 illik möhtəşəm marafonunda Vətən müharibəsi zamanı qazanılan zəfər böyük əhəmiyyətə malik olan hərbi-siyasi hadisə kimi Azərbaycan tarixinə həkk olunub".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli parlamentin bu gün keçirilən xüsusi iclasında çıxışı zamanı deyib.
AMEA prezidenti bildirib ki, 44 günlük müharibə ilə xalqımızı 30 illik işğaldan dövründən azad etmiş, bir günlük antiterror tədbirləri ilə ölkəmizi tam müstəqil etdi: “Bu dünya tarixində hər hansı dövlət başçısı, eləcə İlham Əliyev üçün xalq və dövlət qarşısında icra olunan müqəddəs missiyadır. Azərbaycan xalqı xoşbəxtdir ki, onun liderini ilk növbədə həm doğma xalqı, tam mənada isə beynəlxalq ictimaiyyət XXI əsrin liderlərindən biri kimi qəbul edir. Bu, bizim üçün böyük iftixardır”.
İ.Həbibbəyli qeyd edib ki, dünyada inkişaf templərinə görə Azərbaycanla müqayisə ediləcək ölkələr barmaqla sayılacaq qədərdir: “Azərbaycanda bütün sahələr üzrə davamlı inkişaf sürətlə gedir. Ölkəmizdə istər elm, istər təhsil, istər mədəniyyət, ziyalılıq İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 20 ildə özünəməxsus şərəfli yol keçib. Onun 20 ilinin hər ili möhtəşəmdir. Hesab edirəm ki, dövlət başçısının adı ilə bağlı 20 il "Heydər Əliyev İli"nə ən böyük hesabatdır”.
Anar Kəlbiyev