Məşhur Fələstin əsilli amerikalı model Gigi Hadidin Fələstin-İsrail müharibəsi ilə bağlı mesajı İsraili qəzəbləndirib.
"Unikal" xəbər verir ki, Hadid İnstaqram hesabında HƏMAS-ın İsrail ərazisinə basqını və İsrailin Qəzzanı bombalamasını pisləyib.
“Mən hər gün Fələstinin mübarizəsi və işğal altındakı həyatla bağlı dərin empatiya və ürək ağrısı hiss edirəm. Bunu açıq şəkildə bildirməyi yəhudi dostlarıma da borc bilirəm: Fələstinlilər üçün ümidlərim və arzularım olsa da, bunların heç biri bir yəhudiyə zərər verməkdən ibarət deyil” , - deyə açıqlama yaymışdı.
İsrail dövlətinin rəsmi İnstaqram hesabından Gigi Hadidin bu yanaşmasına cavab gecikməyib:
"Bir həftədir yaxşı yatmısınız, Gigi? Yoxsa yəhudi körpələrinin evlərində öldürülməsinə göz yumursunuz? Səssizliyiniz dayandığınız yeri çox gözəl göstərir. Biz sizi görürük”.
İsrail dövlət hesabından başqa bir mesajda isə qanlı oyuncaqların və uşaq paltarlarının fotosunu paylaşaraq, Hadidi tağ edərək, “Bunu qınamasanız, sözlərinizin heç bir mənası yoxdur” ifadələri işlədilib.
Bu sərt mesajlar sosial mediada reaksiyalara səbəb olsa da, bir çox insan məşhur modelin İsrailin dediyi kimi səssiz qalmadığına diqqət çəkib, HƏMAS basqını da pisləyib. Bir çox insan İsraili “Qəzzada törətdiyi insanlığa qarşı cinayəti təbliğatla ört-basdır etməkdə” ittiham edib.
Fələstin əsilli amerikalı iş adamı Mohamed Hadidin model qızları Gigi və Bella Hadid daha əvvəl Fələstinə verdikləri dəstəklə mübahisələrə səbəb olmuşdular.
Gülayə Mecid