BMT-nin baş katibi Antonio Quterreş oktyabrın 19-da Qahirəyə gələcək və ölkə prezidenti ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək.

"Unikal" xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə bildirib.

"Cümə axşamı baş katib Misirin paytaxtı Qahirəyə gələcək və orada Misir rəhbərliyinin nümayəndələri, o cümlədən prezident Əbdülfəttah əs-Sisi və digər rəsmi şəxslər ilə regiondakı vəziyyəti müzakirə edəcək" dedi.

Düjarrik aydınlaşdırıb ki, Misirdə Quterreş humanitar yardım üçün Qəzza zolağına çıxış məsələsini gündəmə gətirir. O vurğulayıb ki, BMT-nin müxtəlif qurumları və nümayəndələri, eləcə də digər ölkələr, o cümlədən İsrail bu mövzuda müzakirələrdə iştirak edir. Quterreşin sözçüsü vurğulayıb ki, sektorun sakinləri "ən sadə humanitar yardımı mümkün qədər tez" almalıdırlar. "Söhbət ərzaqdan, sudan, dərmandan gedir. Bu mallara təcili ehtiyac var".