İsrail Qəzza zolağında Əl-Mamedani xəstəxanasına hücum edib.

"Unikal" xəbər verir ki, bombalı hücum nəticəsində ən azı 500 nəfərin həyatını itirdiyi açıqlanıb. Bildirilir ki, ölənlər arasında binaya sığınan yüzlərlə adamla yanaşı xəstələr də var. Fələstin lideri Mahmud Abbasın xəstəxananın vurulması ilə əlaqədar 3 günlük matəm elan etdiyi bildirilir.

HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib.

Qəzzadan İsrailə doğru minlərlə raket atılıb, fələstinli silahlı qruplar Qəzza-İsrail sərhədindəki Beyt Hanun-Erez Sərhəd Qapısına basqın edərək ələ keçiriblər.

Daha sonra buradan silahlı qruplar İsrail daxilindəki yaşayış məntəqələrinə daxil olub və İsrail ordusu onlarla döyüş təyyarəsi ilə Qəzza zolağına hücum edib.

Qəzzadan həyata keçirilən hücumlarda 299-u əsgər olmaqla 1400 israillinin öldüyü, 3968 israillinin yaralandığı bildirilib. Fələstin Səhiyyə Nazirliyi, İsrailin hücumları nəticəsində Qəzzada 3 min nəfərin öldüyünü, 12 min 500 nəfərin isə yaralandığını açıqlayıb.

İsrailin hücumlarında 13 jurnalist də həyatını itirib.

Oktyabrın 8-də İsrail ordusu ilə Livan sərhədində Hizbullah arasında başlayan qarşıdurmada 8 Hizbullah üzvü, 2 İslami Cihad üzvü, 1 jurnalist və 2 mülki vətəndaş həyatını itirib.

Livanın həyata keçirdiyi hücumlarda 2 İsrail əsgəri və 1 İsrail vətəndaşı həyatını itirib.