Azərbaycan itisadi məkan seçimini qətiləşdirdi
11:34 10-04-2013
CƏMİYYƏT
Azərbaycan itisadi məkan seçimini qətiləşdirdi
Rövşən Ağayev: “Son illərdə ölkə
iqtisadiyyatında rəqabət mühitinin zəifləməsi ciddi problemlər yaratmağa başlayıb”
Bu günlərdə Bakıda keçirilmiş I Dünya İqtisadi Forumu Azərbaycanın son iyirmi ildə yürütdüyü xarici iqtisadi və geopolitik siyasətin məntiqi nəticəsi kimi dəyərləndirənlər haqlıdır.
Və həm də sözün düzü, dünyanın siyasi xəritəsinə baxanda Azərbaycandan həm ərazicə, həm də potensialca xeyli üstün göstəricilərə malik olan dövlətləri görəndə Bakının belə bir mötəbər beynəlxalq məclis üçün seçilməsi həm təəccüblü görünür, həm də qürur doğurur.
Bu seçim haradan qaynaqlanır? Dünyada və regionda gedən proseslərin analizi bir nəticəyə gəlməyə əsas verir - Avropa bir neçə ildir davam edən iqtisadi böhrandan çıxış yolu axtarır. Ən aktual böhrandan qurtarma ssenarisi isə dirçələn Asiyanın dəstəyidir. Bu ssenari Avropa ilə Asiya arasında körpü rolunu oynayacaq Cənubi Qafqazın, xüsusilə Cənubi Qafqaz iqtisadiyyatının 80 faizinə malik olan Azərbaycanın xüsusi çəkisini dəfələrlə artırır.
Bu gün Avrasiya məkanında real mənzərə belədir - Avropada iqtisadi böhran davam edir, siyasi dairələr hər nə qədər böhranın başa çatdığını iddia etməyə çalışsalar da, Yunanıstan və Kiprdə baş verənlər Avropa Birliyinin hələ uzun müddət maliyyə böhranından əziyyət çəkəcəyini göstərir.
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Rövşən Ağayevin “Unikal”a söylədiyinə görə, “Avropadan fərqli olaraq Asiya regionu iqtisadi böhranın təsirini daha asanlıqla neytrallaşdıra bilib. İki iqtisadi məkanın böhrandan fərqli təsirlənməsi səbəbi aydındır - Asiya regionu enerji resursları ilə zəngindir, Avropa isə enerji asılılığı keçirir. Avropa iqtisadi məkanında enerji resurslarından asılılıq xroniki hal alıb. Avropanın iki köklü problemi - enerji asılılığı və iqtisadi böhran arasında səbəb-nəticə əlaqəsi var. Qitə maliyyə böhranından qurtarmaq üçün ilk növbədə enerji asılılığından qurtarmalıdır. Avropa enerjiyə olan tələbatını Körfəz regionu hesabına ödəyə bilmir – bölgədəki qeyri-stabillik, İrana qarşı sanksiyaların tətbiqi, gərginliyin hər zaman arta biləcəyi ehtimalı buna imkan vermir. Böhrandan qurtulmaq istəyən qitəyə stabil, riskdən uzaq enerji mənbələrindən “qidalanmaq” lazımdır. Bu bölgə isə Cənubi Qafqaz və Mərkəzi Asiya regionudur.
Digər tərəfdən Avropa iqtisadiyyatı maliyyə böhranından qurtarmaq üçün həm xarici sərmayə cəlb etməyə, həm də sərmayə yatırmaq üçün perspektivli bazarlara ehtiyac duyur. Bu bazar Asiya regionudur. Avropanın Asiyaya çıxışı isə Cənubi Qafqaz və Mərkəzi Asiya regionundan keçir. Bu səbəbdən “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı Strateji Dialoq” mövzusunda I Dünya İqtisadi Forumunun (Davos Forumu) Bakıda keçirilməsi məqsədyönlü xarakter daşıyır. Enerji resursları, insan ehtiyatları ilə zəngin, tranzit imkanları yüksək olan Cənubi Qafqaz və Mərkəzi Asiya regionu perspektivdə Avropanın mövcud tələbatlarını tam şəkildə ödəməyə qadirdir.
Bakıda ən yüksək səviyyədə aparılan strateji dialoqun uğurla nəticələnməsi əslində Cənubi Qafqaz və Mərkəzi Asiya regionunun deyil, ilk növbədə Avropa iqtisadi məkanının gələcəyini müəyyənləşdirəcək”.
Ekspert hesab edir ki, “Adətən, belə irimiqyaslı beynəlxlaq iqtisadi məclislərin keçirildiyi ölkənin mühüm iqtisadi göstəricilərinin, iqtisadi potensialının tədbir iştirakçılarının nəzərinə çatdırılması və bu yolla da ölkəyə iri layihələrin cəlb edilməsi, əlavə kapital yatırımları əldə etmək başlıca məqsəd olur. Məsələyə bu baxımdan yanaşanda, mənə elə gəlir ki, Azərbaycan tərəfi bu beynəlxalq tədbirdən umduğu ciddi gözləntilərə tam şəkildə nail ola bilməyəcək. Çünki son illərdə ölkə iqtisadiyyatında rəqabət mühitinin zəifləməsi ciddi problemlər yaratmağa başlayıb. Bunun nəticəsidir ki, bir neçə iri şirkət ölkəni tərk etməyə məcbur olub”.
Şakir
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22