Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında ikinci dövrəyə start veriləcək.
"Unikal" xəbər verir ki, X turun ilk oyun günündə iki qarşılaşma keçiriləcək. Günün ilk matçında “Qarabağ” “Turan Tovuz”un qonağı olacaq. Tovuz şəhər stadionunda oynanılacaq görüş saat 18:30-da başlayacaq. Doqquz turdan sonra turnir cədvəlində Ağdam təmsilçisi 19 xalla ikinci, Tovuz klubu isə 11 xalla altıncıdır. İki komanda indiyədək ölkə çempionatında beş dəfə qarşılaşıb və hamısında “köhlən atlar” qələbə qazanıblar. Bu qarşılaşmalarda son Azərbaycan çempionu 14, tovuzlular isə 3 dəfə fərqləniblər. “Qarabağ” bütün matçlarda iki və ya daha çox qol vurub.
Günün son oyununda “Səbail” “ASCO Arena”da “Neftçi”ni qəbul edəcək. Görüş saat 20:30-da start götürəcək. Hazırda 17 xalı olan “dənizçilər” 3-cü, 12 xalı olan “ağ-qaralar” isə 5-ci sırada yer alıblar. Bu, komandaların Premyer Liqada 25-ci dueli olacaq. Əvvəlki 24 qarşılaşmanın 17-də “Neftçi”, 2-də “Səbail” qalib gəlib. Beş oyunda heç-heçə qeydə alınıb. Topların nisbəti də Adrian Mutunun başçılıq etdiyi komandanın xeyrinədir – 51:14. “Neftçi” son 14 oyunda qol vurub. “Səbail” son 10 ev matçında qalib gəlməyib.
Azərbaycan Premyer Liqası
X tur
20 oktyabr (cümə)
18:30. “Turan Tovuz” – “Qarabağ”
Hakimlər: Fərid Hacıyev, Pərvin Talıbov, Asiman Əzizli, Emin Əliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Tovuz şəhər stadionu.
20:30. “Səbail” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
“ASCO Arena”.
Qeyd edək ki, turun “Kəpəz” – “Zirə” və “Sabah” – “Sumqayıt” oyunları oktyabrın 21-də, “Qəbələ” – “Araz-Naxçıvan” matçı isə oktyabrın 22-də keçiriləcək.