Kredit siyasəti, yoxsa soyğunçuluq?
11:35 10-04-2013
CƏMİYYƏT
Kredit siyasəti, yoxsa soyğunçuluq?
Samir Əliyev: "Bankların istehlakçıları aldatmasının qarşısının alınması üçün istehlakçı hüquqları ilə bağlı qanun qəbul olunmalıdır"
Heç kimə sirr deyil ki, bu gün ölkədə özəl banklara kredit borcu olan külli miqdarda insan var. Və bu borcların ödənilməsi istənilən fərd və ya ailə üçün böyük sıxıntılar hesabına başa gəlir.
Bu günlərdə bir tanışa kredit lazım olduğundan onunla birlikdə adını çəkməyəcəyim banka getdik. İnsafən, bankın işçiləri bizi nəzakətlə qarşıladılar. Bankda işləyən sarışın xanımla tanışım arasında aşağıdakı məzmunda dialoq oldu.
- Kreditə mebel alsam, illik faiz neçə olacaq?
- Təxminən, 14%.
- Krediti 6 aylıq alsam bəs, 7%?..
- Hə, təxminən...
Ertəsi gün tanışım yenə banka gedir:
- 550 manatlıq mebel alsam, 6 aylıq kreditə ayda nə ödəməliyəm?
- 114 manat. İlkin ödəniş lazım deyil, rüsum kimi də cəmi 36 manat ödəyəcəksiniz.
- Nəsə, bir az çox görünür, olar özüm hesablayım... Aaa, bu, nədir 6 aylıq faiz dərəcəsi 24,4 faizə çatır. Yəni illik 50 faizlə kredit verirsiniz? Bəs deyirdiniz illik 14 faizdir?
Əslində, belə hadisəyə Azərbaycanın banklarında nadir hallarda rast gəlmək olar.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyevin "Unikal"a bildirdiyinə görə, bankların istehlakçıları aldatmasının qarşısının alınması üçün istehlakçı hüquqları ilə bağlı qanun qəbul olunmalıdır: "Rusiya və Ukraynadan tutmuş Böyük Britaniya və ABŞ-a qədər istehlak kreditləri ayrıca qanunla tənzimlənir. Çünki bu, biznes krediti deyil, sırf olaraq əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlib". İqtisadçı ekspertin sözlərinə görə, hazırda banklar yalnız "Bank fəaliyyəti haqqında" qanun əsasında işləyirlər və bu qanunun əsas məqsədi bankların hüquqlarının qorunmasıdır. Samir Əliyevin fikrincə, banklar bu zaman müştəriyə yanlış məlumat verməsələr də, yarımçıq məlumat verirlər: "Əslində, bu, da istehlakçı hüquqlarının pozulmasıdır", - deyə iqtisadçı ekspert vurğulayır.
İqtisadçı ekspertin sözlərinə görə, hazırda belə problem kredit kartları ilə də yaranır: "Camaata düzgün məlumat verilmir, adamlar kartı götürüb mal alırlar, sonra da krediti qaytarmırlar. Nəticədə, üzərinə faiz gəlir - 1500 manat borc götürən adam 2300 manat borc ödəməli olur. Yəni onlara kartı verəndə, deyirlər ki, faizsiz alış-veriş edə bilərsiniz. Yəni şərtlər tam izah edilmir və bu da bir növ müştərinin aldadılmasıdır".
İqtisadçı ekspertin fikrincə, Azərbaycanda inflyasiya səviyyəsi ilə də müqayisə edəndə, faiz dərəcələri çox yüksəkdir: "İnflyasiya göstəricisi kredit dərəcələrinə təsir göstərən amildir, inflyasiyanın 1-2% arasında dəyişdiyi bir ölkədə kredit dərəcələri 20-40 faiz arasında necə dəyişə bilər?"
Qeyd edək ki, kreditlərin bahalılığı Azərbaycanda ümumi kreditləşdirmə səviyyəsini aşağı salıb. Azərbaycanda kredit qoyuluşunun ümumi daxili məhsulda (ÜDM) payı 20-25 faizi keçmir, Mərkəzi və Şərqi Avropa ölkələrində bu göstərici 60-80 faiz arasındadır, Qərbi Avropada isə 100 faizi keçir. Yəni Azərbaycanın 50-60 milyard manatlıq ÜDM-inin qarşılığında 12 milyard manatlıq kredit qoyuluşu çox azdır. Şərqi Avropa ölkələri ilə müqayisə etdikdə, Azərbaycanda kredit qoyuluşu ən azı iki dəfə yüksək olmalı, yəni 20-25 milyard manat ətrafında dəyişməlidir. Kreditləşmə səviyyəsinin aşağı olması ölkədə iqtisadi aktivliyi də aşağı salır. Bu isə çox sayda açılmamış potensial iş yerləri, büdcəyə ödənilə biləcək böyük vergi potensialının gerçəkləşdirilməməsidir.
Samir Əliyev Azərbaycanda kreditləşmənin belə baha olmasını resurs çatışmazlığı ilə izah edir: "Bankların əlində ucuz kredit resursları yoxdur, onların kredit çantasının 50 faizinin əsasında bahalı depozitlər durur. Ucuz mərkəzləşdirilmiş kreditlərin payı isə 10 faizdən artıq deyil. Bu çox aşağı göstəricidir. Özü də mərkəzləşdirilmiş kreditləri yalnız 4-5 bank ala bilir. Əksər ölkələrdə bu vəsaitlər kreditləşmənin 30-40 faizini təşkil edir. Təsadüfi deyil ki, Amerikada və Avropada uçot dərəcəsi 0,25 faiz azalan kimi bu, birbaşa kredit bazarına təsir göstərir. Bizdə isə uçot dərəcəsinin artıb-azalmasının kredit bazarına heç bir təsiri yoxdur, çünki bazarda pay çox aşağıdır. Düşünürəm ki, Mərkəzi Bank kreditləşdirmədə ucuz mərkəzləşdirilmiş resursların payını 3-4 dəfə artırmalıdır. Özü də bu kreditlərə çıxış yalnız himayələnən 3-4 bank üçün deyil, bütün banklar üçün təmin edilməlidir".
Natiq
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22