Müxalifətdə gəlişmələr: “İctimai Palata” Eldar Namazovu dirsəkləyir
11:37 10-04-2013
CƏMİYYƏT
Müxalifətdə gəlişmələr: “İctimai Palata” Eldar Namazovu dirsəkləyir
Əli Əliyev isə prezident seçkisində iştirak üçün namizədliyini irəli sürüb
“Milli şura” ilə bağlı müxaliflərin pessimizmi özünü doğruldur. Son dövrlərdə müxalifət düşərgəsində qarşıdakı prezident seçkiləri ilə bağlı baş verən proseslər – müxalif namizədlərin biri-birinin ardınca seçkidə namizədliklərini elan etməsi çox maraqlı bir situasiya yaradıb.
Bu cür bəyanatlar ondan xəbər verir ki, müxaliflərin seçki ilə bağlı formalaşdırmağa çalışdıqları hər hansı birlik və sairə formatlarda əməkdaşlıq məsələsi arxa plana keçəcək.
Namizədliyini Müsavat başqanı İsa Qəmbər, VHP sədri Sabir Rüstəmxanlı, “ictimai palata”nın üzvü Vidadi İsgəndərli, VİP sədri Əli Əliyev və b. kimi ayrıca şəkildə irəli sürənlərin sırasına “El” adlı qurum yaratdığını elan etmiş Eldar Namazov da qatıldı.
Bu isə yenicə yaradılacağı iddia edilən “milli şura” adlı qurumun hansısa formada ərsəyə gələcəyinə və gələcək aqibətinə dair ciddi şübhələr oyatmaqla bağlı əsasları daha da gücləndirir.
Prosesləri izləyənlərə məlumdur ki, Eldar Namazov “ictimai palata”da təmsil olunan Müsavat və AXCP kimi partiyalarla bir araya gələrək “milli şura” yaratmaqla bağlı danışıqlar aparırdı.
Amma bu danışıqların yeddi aydır aparılmasına baxmayaraq ortada hələ də heç bir nəticə yoxdur. Ekspertlər bu məsələdə əslində “milli şura” ərsəyə gətirmək iddiası ilə çıxış edən tərəflərin antoqonist mövqelərdə təmsil olunduqlarını və eyni zamanda seçki hərisliyində bir-birilərinə güzəştə getməyəcəklərini dəfələrlə bildiriblər və bununla bağlı kifayət qədər arqumentlər gətiriblər – bu barədə ötən yazılarımızda qeyd edilib.
“İctimai palata”dakılar Eldar Namazovun birdən-birə “zühurunu” və seçki iddiası ilə çıxış etməsini heç cür qəbul etmək istəmirlər. Orası məlumdur ki, söhbət seçkidə hazırkı müxalifətin hər hansı qələbəsindən yox, sadəcə onlardan hər hansı bir tərəfin mümkün qədər təşkilatlanıb, xaricdən ayrılacaq qrant və pul vəsaitindən daha çox pay götürməsindən və ya bu payı digər müxaliflərə qarşı monopoliyaya almasından gedir.
Burada isə “ictimai palata”da birinci növbədə seçki ilə bağlı təxmin edilən xarici maliyyə və qranta daha bir müxalifin – Eldar Namazovun da göz dikməsinə qarşıdırlar. Müxalifətin seçki hərisliyinin əsasında duran pul vəsaitini əldə etmək Eldar Namazov üçün çox cəlbedici görünür.
Bu isə onun seçki canfəşanlığına gətirib çıxardı. Onun bu cür təşkilatlanma görüntüləri “ictimai palata”dakıları, xüsusilə də müxalifətdə namizədlikdə heç kimə güzəştə getməyəcəyini açıq ortaya qoyan İsa Qəmbəri təşvişləndirib.
Elə “milli şura” yaratmaqla bağlı danışıqlar da xarici kanallardan gələcəyi təxmin edilən pul vəsaitinin “bəd ayaqda” bölüşdürülməsində hər hansı anlaşma gümanı ilə aparılırdı.
Amma görünür, bu barədə müxaliflər arasında hər hansı anlaşmadan söhbət gedə bilməz. Ona görə də “milli şura” hələ də ortaya çıxmır. Əksinə, tərəflər bir-birilərinə qarşı kompromatları daha da gücləndirib.
Nahaq yerə deyil ki, Müsavat Partiyası yeri düşdükcə, Eldar Namazovu ifşa etməyə, onun düşərgədə tamamilə nüfuzdan salmağa çalışır. Müsavat bu barədə Eldar Namazovun reputasiyasından bol-bol yararlanır.
Bu isə Eldar Namazovda da Müsavat və “ictimai palata” ilə hər hansı əməkdaşlığın alınmayacağı qənaəti yaradıb. Ona görədir ki, o, indi də “son günlər baş verən hadisələr qərarımı qətiləşdirdi” deməklə əslində Müsavatla sevdasının baş tutmayacağına eyham vurur.
Beləliklə, qeyd edilənlər bir daha göstərir ki, tərəflər hər hansı adda real birlik ortaya çıxara bilməyəcəklər. Qeyd edildiyi kimi, Müsavat başqanı çoxdandır ki namizədliyini irəli sürüb və o, bunu özü üçün namizədliyini irəli sürməkdə son şans sayır.
İndi də Eldar Namazov mətbuata namizədliyini irəli sürəcəyini açıqladı. Yekun nəticə belədir ki, artıq yaradılacağı deyilən “milli şura”da bir neçə müxalif namizəd meydana çıxıb – “ictimai palata”dakı yuxarıda adları çəkilən namizədlərlə “El”in namizədi Eldar Namazov.
Bütün bu namizədlər isə müxalifətdə əvvəlcədən razılaşdırılmadan, xaotik və bir-birilərinə rəqib şəklində ortaya çıxıblar.
Və elə konkret olaraq bir-birilərini sıradan çıxarmaq üçün seçki rəqabətində olacaqlar...
Müxalifyönlü Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev qarşıdan gələn prezident seçkilərində iştirak üçün namizədliyinin irəli sürülməsi ilə bağlı informasiyanı şərh edib.
VİP sədrinin “Unikal”a bildirdiyinə görə, partiya əvvəlcə Azərbaycan müxalifətinin qarşıdan gələn prezident seçkilərində vahid cəbhədə iştirak etməsinin tərəfdarı olub.
“2011-ci ildən başlayaraq son bir neçə il ərzində, biz məhz bu mövqeyi təşviq edirik. Bununla əlaqədar olaraq, biz ölkənin müxalifət düşərgəsinin əsasını qoya biləcək bütün əsas müxalif partiyalarına müraciət etdik, lakin təəssüf ki, bu günə kimi bu məsələ ilə bağlı heç kim dəqiq fikir bildirmədi”, - deyə o bildirib.
Onun sözlərinə görə, vaxt getdiyindən VİP digər partiyaların bunu nə zaman dərk edəcəyini gözləyə bilməz.
“Bu səbəbdən ötən həftə biz öz siyasi şuramızda seçkidə namizədimizin irəli sürülməsi barədə qərar qəbul etdik. Bu günlərdə partiyanın məclisində gündəlikdə duran bir sıra məsələlərlə yanaşı, bu məsələ də müzakirə olundu. Məclis mənim namizədliyimi təsdiq etdi. Lakin bu yekun qərar deyil və əgər digər müxalifət partiyaları yenə də birləşmək və seçkilərdə vahid cəbhədə çıxış etmək qərarına gələrsə, biz öz qərarımıza yenidən baxa və onlara qoşula bilərik”, - deyə Ə.Əliyev bildirib.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22