Oktyabrın 24-ü 1972-ci il təvəllüdlü Araz Həsənovun ölməsi barədə Nəsimi rayon prokurorluğuna məlumat daxil olub. 

Nəsimi rayon Prokurorluğundan "Unikal"a verilən məlumata görə, araşdırmalarla 1963-cü il təvəllüdlü Səyavuş Abbasovun Nəsimi rayonu ərazisində aralarında yaranmış mübahisə zamanı Araz Həsənova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Səyavuş Abbasov şübhəli şəxs qismində tutulub.
 
Hazırda ibtidai istintaq davam edir.

*** 20:38

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 1963-cü il təvəllüdlü Abbasov Səyavuş Nəriman oğlu müəyyən olunaraq saxlanılıb.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, faktla bağlı araşdırma aparılır.

** 17:43

Oktyabrın 24-də saat 16 radələrində paytaxtın Nəsimi rayonunda 1972-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Həsənov Araz Malik oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, cinayət əməlini törətməkdə şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Əlavə məlumat veriləcək.