İran tarana gedir?
11:23 11-04-2013
CƏMİYYƏT
İran tarana gedir?
Armin İsrailyan: “Yaxın gələcəkdə İranla Azərbaycanın münasibətləri adiləşməyəcək”
Elxan Şahinoğlu: “İran Trükmənçay müqaviləsini gündəmə gətirməklə ciddi taktiki səhvə yol verir”
İranda Cənubi Azərbaycanın müstəqilliyi ilə bağlı bu yaxınlarda Bakıda keçirilən konfransdan qəzəbləniblər. Ona görə də İran parlamentinin bir sıra üzvləri Türkmənçay müqaviləsinə yenidən baxılmasını və Azərbaycan ərazilərinin yenidən İrana birləşdirilməsini nəzərdə tutan qanun layihəsi üzərində işlədiklərini bildiriblər.
Ərdəbildən olan deputat Kəmaləddin Pirmoazzən parlamentin Azərbaycandilli deputatlarının qanun layihəsini yaxın vaxtlarda hazırlayacaqlarını bildirib.
Həmin konfransda irəli sürülən fikirlərə cavab olaraq onların parlamentində deyirlər ki, Azərbaycan bizim daxili işimizə qarışırsa, biz də onların daxili işinə qarışırıq və Şimali Azərbaycanı İranın tərkibində görməyə dair qərar qəbul edirik. Amma bu tamamilə real olmayan bir məsələdir. Əgər onların bu təşəbbüsünün ciddi bir nəticəyə gətirəcəyini təsəvvür etsək, o zaman regionda böyük bir müharibə olar. İrana ABŞ-ın, İsrailin zərbəsi dəyir. Azərbaycan artıq Qərbin maraq zonasıdır. Kim Azərbaycana zərbə endirmək istəsə, Amerika ilə üzləşəcək.
Armenia Today saytının yazdığına görə, erməni ekspert Armin İsrailyan bildirib ki, “Rəsmi Bakı, bölücü və antiiran Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) fəaliyyəti ilə bağlı Azərbaycana verilən İran notasının cavabında, Azərbaycan Respublikasının bununla heç bir əlaqəsinin olmadığını bildirsədə, amma iqtidar partiyasının millət vəkili Siyavuş Novruzov Güney Azərbaycanın parlament sədri olmaq istədiyini deyib. Bu onu göstərir ki, Azərbaycan Respublikası birbaşa və ya dolayısı yollarla anti-İran və pantürkist qrupları dəstəkləyir”.
Ekspertin sözlərinə görə, “Ələbəttə, biz real bir şəkildə məsləyə baxsaq görərik ki, Azərbaycan və Türkiyə birlikdə hərəkət edir və İranın quzey əyalətlərini (ostan) bölmək prosesini birlikdə aparırlar. GAMAC 2013-cü ilin yanvar (january) ayında “Türk dünyasında Güney Azərbaycanın rolu” adlı bir konfrans keçirdi. Ankarada keçirilən konfransa Türkiyə dövlətinin bir çox keçmiş və indiki rəsmiləri qatıldılar. Həmçinin Türkiyə səfiri öz ölkəsinin bayrağı ilə Təbrizin futbol takımını dəstəkləmək üçün stadiona gedir. 2012-ci ildə Azərbaycanın İrandakı səfiri müxtəlif səbəblərə görə dəfələrlə xarici işlər nazirliyinə çağırılıb. Keçən ilin sonlarında İran Azərbaycana yeni səfir təyin edincə belə təsəvvür olunurdu ki, İranla Azərbaycanın münasibətləri müəyyən qədər adiləşməlidir. İki-üç ildir Azərbaycan partiyaları media vasitəsi ilə İrana qarşı ərazi iddiası irəli sürürlər. Hazırda isə bu iddialar rəsmilərin dilindən səsləndirilir. Mən düşünürəm ki, Azərbaycan Türkiyə və İsrailin təhriki ilə çalışır ki, İranla əlaqələrini minimuma düşürsün. Xəzər Dənizinin hüquqi vəziyyəti, sərhəd hadisələri, İranda türk dilli azərbaycanlılarla bağlı sorunlar, mədəni və tarixi məsələlərlə bağlı ixtilaflar, Azərbaycanla İsrail arasındakı hərbi əməkdaşlıq və s. kimi məsələlərə görə yaxın gələcəkdə İranla Azərbaycanın münasibətləri adiləşməyəcək. Keçmiş təcrübələr göstərir ki, bu problemlər olduğu müddətdə etimadsızlıq atmosferi gələcəkdə də mövcud olacaq”.
Atlas Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə “Unikal”a bildirdi ki, “İran Trükmənçay müqaviləsini gündəmə gətirməklə ciddi taktiki səhvə yol verir. İran çalışır ki, Azərbaycanın İsraillə və Amerika ilə yaxınlaşmasının qarşısını alsın, amma bunun üçün səhv üsullara əl atır. Və bu addımlar İran üçün əks-effekt verə bilər. İran unutmamalıdır ki, artıq Güney Azərbaycanda da oyanış dövrü başlanıb”.
Politoloqun sözlərinə görə, “İran parlamentindəki məlum müzakirələr konkret nəticə vermədən başa çatacaq. Bu məqamda bir detalı da vurğulamaq yerinə düşər. İran dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ problemi kontekstində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. İndi isə tamamilə əks mövqedən çıxış etməyə başlayıb. Göründüyü kimi, İran yenə də qeyri-səmimi mövqe sərgiləməklə məşğuldur”.
Mahir Oruclu
Digər Xəbərlər
2024-11-22 17:54:00
2024-11-22 17:28:04
2024-11-22 16:55:08
2024-11-22 16:46:45
2024-11-22 16:39:35
2024-11-22 16:28:54
2024-11-22 16:27:05
2024-11-22 16:24:00
2024-11-22 15:55:41
2024-11-22 15:54:59
2024-11-22 15:46:00
2024-11-22 14:56:00
2024-11-22 13:04:28
2024-11-22 12:51:54
2024-11-22 12:37:06
2024-11-22 12:34:00
2024-11-22 12:30:59