Müxalifətin yeni bloku yarandı
11:24 11-04-2013
CƏMİYYƏT
Müxalifətin yeni bloku yarandı
Amma bu blokların təsiri olmayacaq
Prezident seçkiləri yaxınlaşdıqca siyasi partiyalarda da aktivləşmə artmağa başlayır. Bu dəfə ənənəvi müxalifətdən fərqli olaraq hakimiyyətə qarşı loyal xətt tutan partiyalar gündəmə gəlib. Belə ki, Azərbaycanın iki müxalifət partiyası - Yaşıllar və Ədalət partiyaları tərəfindən yaradılması nəzərdə tutulan siyasi blokun adı məlum olub.
Yaşıllar Partiyasının sədri Mayis Güləliyev deyib ki, uzun müzakirədən sonra siyasi blokun adı "Vətən" olaraq qəbul edilib.
Güləliyev bildirib ki, "Vətən" siyasi blokunun təqdimat mərasimi aprelin sonlarına planlaşdırılır. Blokun Əsasnaməsi, Proqramı razılaşdırılaraq qəbul edilib.
Güləliyevin sözlərinə görə, siyasi blokun 2013-cü il prezident seçkilərinə vahid namizədlə qatılacağı gözlənilir. O qeyd edib ki, bu iki partiyanın blokunun prezident seçkilərinə hazırlığı ilə bağlı geniş fəaliyyət proqramı da artıq hazırdır.
"Prezident seçkiləri ilə bağlı isə yəqin ki, bizim vahid namizədimiz olacaq. Gələn ayın sonuna qədər artıq vahid namizəd məsələsi həll olunacaq. Biz heç bir partiyanın namizədini dəstəkləməyəcəyik. Blokun özünün namizədi olacaq və blokdan kənar heç bir namizədi dəstəklənməyəcək. Bu qəti qərardır", - Güləliyev vurğulayıb.
O bildirib ki, bundan sonra həm Yaşıllar, həm də Ədalət partiyasının digər siyasi partiyalarla əməkdaşlığı ancaq blok çərçivəsində olacaq. "Gələcəkdə də bloka hansı partiyalar qoşularsa, biz onlarla əməkdaşlıq etməyə hazırıq", - Güləliyev vurğulayıb.
Bundan başqa Milli Dirçəliş Hərəkatı Partiyası və 22 partiyadan formalaşmış “Ata bloku” razılaşma əldə etdi. Anlaşmada aşağıdakı müddəalar ətrafında razılığa gəlinib:
- Azərbaycan Respublikasının dövlət maraqlarının qorunması;
- Ölkədə barışa söykənən sabitliyin əldə olunması;
- Qarşıdurma və toqquşmalardansa, parlamentdə və kürsülərdə fikir dartışmalarının daha səmərəli olacağını düşünərək mübarizənin və fəaliyyətin sivil formada aparılması;
- Prezident seçkiləri dönəmində seçkiöncəsi mühitin demokratikləşməsi;
- Seçkilərin demokratik, şəffaf keçirilməsi, seçkilərin müşahidəsinin birgə təşkili;
- Seçici fəallığının təmin olunması, bu seçkilərdə prezidentliyə namizədin verilməsində, birgə müzakirələrin təşkili;
- Fəaliyyət müddətində daha dərin inteqrasiya və prezident seçkilərində vahid namizədlə iştirakın müzakirəsi.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev və “Ata bloku”nun sədri Çingiz Dəmiroğlu yuxarıda göstərilən müddəalar əsasında digər siyasi qüvvələrlə də konsolidasiyanın mümkünlüyünü qeyd ediblər. Maraqlıdır,bəs gündəmə gələn yeni bloklar ölkədə ki, siyasi proseslərə hansı formada təsir edə bilər? Ekspertlər hesab edir ki, “Vətən” blokunun hər hansı bir perespektivindən söhbət belə gedə bilməz. Çünki bu blokun elə bir xarizmatik lideri yoxdur ki, prezident seçkilərində tərəf olaraq qəbul edilsin. Güman edilir ki, blok olaraq millət vəkili İlyas İsmayılovun prezidentliyə namizədliyini versinlər. Amma bunun nə qədər effektli olacağını indidən söyləmək düzgün olmaz. Digər bloka, Fərəc Quliyevlə, “Ata” blokuna gəldikdə isə ekspertlər hesab edir ki, bu haqda düşünməyə heç dəyməz. Çünki Fərəc Quliyev bu gün hakim düşərgənin nəzarətindədir və bir zamanlar ona millət vəkilliyi mandatıda o səbəbdən verildi ki, Əbülfəz Elçibəy tərəfdarlarını AXCP ilə Müsavatdan kənarlaşdırsın.Amma bir müddət buna nail olsada sonradan ən yaxın tərəfdarları belə Fərəc Quliyevi hakimiyyətə işləməkdə günahlandıraraq ondan ayrıldılar.Bu gün isə demək olar ki, millət vəkilinin sədri olduğu partiya tam fəaliyyətsizdir və sosial bazadan mərhum olub. Buna görə də bu tip təşkilatların yaratdığı bloka ciddi yanaşmaq olmaz. Amma buda bildirilir ki, belə blokların yaranması əslində müxalifətə hesablanmış addımlardır. Yəni onların qarşısında əsas vəzifələr müxalifətin sosial bazasını parçalamaq və prezidentliyə namizəd olacaq müxalifət liderlərini tənqid etməkdir. Buna görə hesab etmək olar ki, qarşıdan gələn seçkilərdə bu tip bloklar çox olacaq və nəticəsidə nəticəsizlikdən o tərəfə keçməyəcək.
Fuad Əliyev
Digər Xəbərlər
2024-11-22 13:04:28
2024-11-22 12:51:54
2024-11-22 12:37:06
2024-11-22 12:34:00
2024-11-22 12:30:59
2024-11-22 11:53:03
2024-11-22 11:38:12
2024-11-22 11:24:00
2024-11-22 11:08:00
2024-11-22 10:39:39
2024-11-22 10:34:42
2024-11-22 09:47:56
2024-11-22 09:37:00
2024-11-22 09:12:46
2024-11-22 09:06:21
2024-11-22 09:04:05