Bu gün torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən birinin, İsmayılzadə Səməndər Vahid oğlunun şəhadətə ucaldığı gündən üç il ötür.

"Unikal" xəbər verir ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş İsmayılzadə Səməndərin il mərasimi keçirilib. Şəhidin ildönümü mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, şəhidin ailə üzvləri, qazilər, Milli məclisin deputatları Aydın Hüseynov və Səbinə Xasayeva, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib sonra isə məzarı üzərinə gül dəstələri qoyulub.

Şəhid ailəsi ilə söhbət edilib, şəhidlərimizin əbədi ehtirama layiq olduğu bildirilib. Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları  ilə bağlı dövlətin mühüm tədbirlər gördüyünü diqqətə çatdırıb, göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə edib.