Noyabrın 7-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev komitənin Vətən müharibəsi iştirakçısı olan əməkdaşları ilə görüşüb.
"Unikal" xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsini birdəqiqəlik sükutla yad ediblər.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli siyasəti, hərbi-diplomatik məharəti sayəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunduğu, 30 ilə yaxın yurd həsrəti çəkən məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yarandığı bildirilib. Qeyd edilib ki, Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman şəhid ailələrinə, müharibə veteranlarına diqqət, qayğı göstərib, onların sosial müdafiəsinin təmin edilməsi üçün tədbirlər görüb.
Bildirilib ki, Vətən müharibəsində və bu ilin sentyabrında keçirilmiş antiterror tədbirləri nəticəsində Qarabağ və Şərqi Zəngəzur işğalçılardan və separatçı qüvvələrdən tamamilə təmizlənib, soydaşlarımızın doğma yurdlarında rahat və təhlükəsiz yaşayışının təmin edilib. Tariximizin ən şanlı səhifəsi olan bu Zəfər gününün qazanılmasında rəşadətli Azərbaycan ordusunun misilsiz xidmətləri olub. Onların sırasında hünər və şücaəti ilə bu tarixi qələbəyə öz töhfəsini verən Dövlət Komitəsinin əməkdaşlarının olması qürurvericidir.
Komitənin müharibədə iştirak edən əməkdaşlarının hərbi əməliyyatlarda göstərdikləri şücaətə görə müxtəlif dövlət təltiflərinə layiq görülməsinin kollektivdə qürur və iftixar hissi doğurduğu qeyd edilib.
Müharibə iştirakçıları Amil Əbilov, Dəyanət Məmmədov, Vüqar Səfərov, Xanlar Məmmədəliyev, Nicat Cəlilov müharibə təəssüratlarını bölüşüb, ordumuzun göstərdiyi qəhrəmanlıq haqqında danışdılar. Qeyd olundu ki, xalq-ordu birliyi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi nəticəsində 3 ildir ki, Zəfər sevincini yaşayırıq. Keçmiş döyüşçülər hər zaman dövlətimizin başçısının ətrafında sıx birləşdiklərini və istənilən əmrə hazır olduqlarını bildiriblər.
Vətən Müharibəsində fədakarlıq göstərən komitə əməkdaşları dövlətimizin qüdrətlənməsi, ölkəmizin çiçəklənməsi, doğma Qarabağın dirçəlişi, xalqımızın rifahı naminə bundan sonra da böyük məsuliyyətlə çalışacaqlarına vurğuladılar.