Respublikanın hər bir bölgəsində olduğu kimi Qubadlı rayonunda da Zəfər Günü münasibətilə silsilə tədbirlər keçirilir.
"Unikal" xəbər verir ki, bu gün Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhər 28 May Mədəniyyət evində 8 noyabr - Zəfər Günü ilə əlaqədar “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda tədbir keçirildi. Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Hüquq-mühafizə orqanları, YAP Qubadlı rayon təşkilatının rəhbərliyi, RİH-nin məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kollektivləri, RİHB-nin inzibati ərazi dairəsi üzrə nümayəndələri, Şəhidlərimizin ailə üzvləri, yaxınları, ağsaqqallar, ziyalılar, Vətən müharibəsi iştirakçıları, qazilər, fəal gənclər, idmançılar və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Tədbirdə Dövlət Himni səsləndirildi. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Zəfər Gününə həsr olunmuş film nümayiş olundu.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamına əsasən hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edildiyini vurğulayan Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov bildirdi ki, 8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin qızıl səhifəsi, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun yazdığı qəhrəmanlıq dastanıdır. 44 günlük haqq savaşında Azərbaycan xalqının sarsılmaz birliyi, Prezident İlham Əliyevin dəmir iradəsi və şanlı Azərbaycan Ordusunun yenilməz gücü qarşısında düşmən təslim olub və bununla da xalqımızın 30 illik torpaq həsrətinə son qoyulub,ərazi bütövlüyümüz bərpa olunub və şəhidlərimizin qisası alınıb. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı. “Dəmir yumruq” əməliyyatının ilk saatlarında cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun öz ərazi bütövlüyünü bərpa etsin.
Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirdi.
Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. 44 günlük Vətən müharibəsində canı və qanı bahasına ərazi bütövlüyümüzü bərpa edən hər bir əsgər və zabitimiz bizim qürurumuzdur.
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun igidliyi, qəhrəmanlığı sayəsində torpaqlarımız, həmçinin 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə işğaldan azad olundu. Vətən müharibəsində rayon sakinlərindən 298 nəfər könüllü olaraq iştirak etmişdir. 44 günlük Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 11 şəhid və 40-dan çox qazimiz öz adlarını tarixə yazdılar.
Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir.Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur. Böyük qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə olunan zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur”– deyən Ulu Öndər Heydər Əliyevin arzusunu realllaşdırdı.
Eyni zamanda qeyd olundu ki, 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə aparılan antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən həmin ərazilərdə - Xocavənd, Əsgəran, Xocalı, Ağdərə, Xankəndi şəhərlərində Azərbaycan bayrağı qaldırıldı.
Bu gün Azərbaycan xalqı tamamilə dağıdılmış ərazilərimizdə yeni həyat qurur. Azad edilmiş ərazilərə səfərləri ilə Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirir. Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə artıq geniş bərpa-quruculuq işləri aparılır. İnfrastruktur işləri, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərimizin bərpası, muzeylər, hava limanları, dəmir yolları, tunellər tikilir.
Azərbaycanın tarixində yeni səhifə başlanıb. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq.
Mədəniyyət evinin qarşısında Zəfər Günü münasibətilə təşkil olunmuş sərgi nümayiş olundu.
Tədbir 28 May Mədəniyyət evinin həyətində, açıq havada geniş konsert proqramı ilə davam etdirildi. Zəfər Gününə həsr olunmuş konsert proqramında respublikanın tanınmış müğənniləri tərəfindən mahnılar ifa olundu, Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin Qubadlı rayon nümayəndəliyinin rəqs qrupları müxtəlif rəqs nömrələri nümayiş etdirdi, şeirlər səsləndirildi.
Eyni zamanda tədbirdə rayondan olan idmançıların müxtəlif idman növləri üzrə nümunəvi çıxışları nümayiş olundu.