Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Miqrasiya Xidməti qanunsuz miqrasiyaya qarşı birgə əməliyyat keçirib.
"Unikal" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrasiyaya qarşı keçirdikləri birgə əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Azərbaycan Respublikasının ərazisində yaşama hüququ verən aidiyyəti sənədlər və qeydiyyat ünvanı olmadan yaşayan, işləmək icazəsi almadan əmək fəaliyyəti ilə məşğul olan, həmçinin qanunsuz miqrasiyanı təşkil etmələrinə dair barələrində əsaslı sübutlar əldə edilən daha 16 əcnəbi müəyyən olunaraq saxlanılıb.
Saxlanılan əcnəbilərdən 14 nəfərinin öz həmvətənləri tərəfindən xaricdə fəaliyyət göstərən müxtəlif şəxslər vasitəsilə Azərbaycan Respublikasında tikinti sahəsində iş vədləri ilə aldadılaraq ölkə ərazisinə gətirildikləri məlum olub.
Bu şəxslərin ölkə ərazisində qanunsuz miqranta çevrilmələrinə şərait yaradan, həmçinin qeyri-qanuni miqrasiyanı təşkil etmələrinə dair barələrində əsaslı sübutlar toplanmış 2 əcnəbinin isə ölkə ərazisində yaşadıqları yer müəyyən edilərək saxlanılmaları təmin olunub.
Aşkar edilən hallara hüquqi qiymət verilməsi təmin olunacaq.