Azərbaycan Tibb Universitetində "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə 7 noyabr tarixində yazıçı-publisist Ramilə Qurbanlının müəllifi olduğu Vətən müharibəsində şəhid olan hərbi tibb qulluqçularına ithaf edilən “Şəhid həkimlər” kitabının təqdimat mərasimi keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə Səhiyyə Nazirinin müavini Nadir Zeynalov, Azərbaycan Tibb Universitetinin (ATU) rektoru Gəray Gəraybəyli, mədəniyyət və ictimaiyyət nümayəndələri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, həmçinin KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə ilk öncə dövlət himni səsləndirilib və şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə çıxış edərək, Vətən müharibəsində qəhrəmancasına döyüşən, Azərbaycan bayrağını işğaldan azad olunan torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən bütün şəhidlərimizi dərin ehtiramla yad və hərbi həkimlərimizin şanlı zəfərimizə aparan yoldakı mühüm rolundan bəhs edib. Daha sonra, ATU-nun rektoru Gəray Gəraybəyli bu cür layihələrin və tədbirlərin təşkilinin qəhrəmanlarımızın tanıdılması və onların xatirələrinin əbədiləşməsi baxımından böyük əhəmiyyətə malik olduğunu qeyd edib. Azərbaycan Respublikasının Səhiyyə Nazirinin müavini Nadir Zeynalov, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz şanlı zəfərimizin üçüncü ildönümündə bu zəfəri bizə yaşadan oğullarımızın, şəhidlərimizin, veteranlarımızın hər birinin bir qəhrəman olduğunu və bütün Azərbaycan xalqının onlarla qürur duyduğunu bildirib.
Kitabın müəllifi Ramilə Qurbanlı tədbir iştirakçılarına kitab haqqında məlumat verib. Bildirib ki, kitabda Vətən uğrunda döyüşlərdə şəhid olan 10 hərbi tibb qulluqçumuzun – polkovnik-leytenant Rasim Abdullayev, kapitan Anar Məmmədov, baş leytenant Nurlan Fərəməzov, baş leytenant Şöhrət Qasımov, leytenant Azər Şəmilov, leytenant Adil Əfəndiyev, leytenant Turqut Xəlilbəyli, leytenant Mirlətif Ağayev, leytenant Tariyel Salmanov və leytenant Aqşin Ənvərlinin ömür yolundan söhbət açılır. Sonda çıxış edən şəhid leytenant Adil Əfəndiyevin anası Afət Əhmədova tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.