Füzuli Ələkbərovun nazirliyinin kitabça bazarlığı
12:10 13-04-2013
CƏMİYYƏT
Füzuli Ələkbərovun nazirliyinin kitabça bazarlığı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qara bazarda satılan əmək kitabçalarını tanımır
Son vaxtlar Dövlət Sosial Müdafiə Fondu tərəfindən hesabatların elektron formada qəbuluna başlanılıb. Bu zaman isə həm işəgötürənlər, həm də işçilər üçün əlavə problem yaranıb. Belə ki, vətəndaşların müstəqillik illərindən sonra aldıqları əmək kitabçalarında seriya nömrəsi olmadığı üçün sistem daxil edilən məlumatları qəbul etmir.
Hazırda əksər vətəndaşların adına açılan əmək kitabçaları məhz bu şəkildədir. Halbuki müəssisələr tərəfindən uzun müddət vətəndaşalra əmək kitabçası açılmayıb. Bu isə dövlətin həmin sənədi vermədiyi ilə əsaslandırılaraq vətəndaşlardan həmin sənədi özlərinin alması tövsiyyə edilib. Onlar isə hazırda da satışda olan, Türkiyədə çap edilmiş və üzərində Azərbaycan Respublikasının dövlət gerbi olan əmək kitabçasını alıblar. Bu gün isə həmin kitabçaların rəsmi sənəd kimi qəbul olunmaması haqlı narazılıq yaradıb. Maraqlıdır, belə halda vətəndaşlar nə etməlidir?
Məsələyə aydınlıq gətirmək üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət etdik. Fondun ictimayyətlə əlaqələr şöbəsindən əmək kitabçalarında olan problemlə bağlı məsələnin onlara aidiyyəti olmadığını bildirdilər.
Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyilə əlaqə saxladıq. Nazirlik yanında Dövlət Əmək Müfəttişliyindən bildirdilər ki, məsələni araşdırıb müvafiq cavab veriləcək.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə də müraciət etdik. Xidmətin rəis müavini Şahbaz Xələfovun sözlərinə görə, əmək kitabçası işçinin əmək fəaliyyəti haqqında məlumatları özündə əks etdirən əsas sənəddir: "Odur ki, bu sənədin düzgün tərtib olunması olduqca vacib hüquqi əhəmiyyətə malikdir. Əmək kitabçalarının vahid formada olması və onun tərtibinin eyni qaydada aparılması üçün Nazirlər Kabineti 1996-cı il tarixli 186 saylı Qərarı ilə "İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları"nı təsdiq edib. Qaydalara görə, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Qanuni şəkildə əmək kitabçaları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanır və Dövlət Məşğulluq Xidmətinin yerli orqanları tərəfindən müəssisələrə ödənişlə verilir".
Satışda olan əmək kitabçalarına gəldikdə isə Ş.Xələfov deyir ki, müxtəlif ticarət obyektlərində satılan əmək kitabçaları qanunsuz istehsal məhsuludur: "Qara bazar"da satılanlarla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan əmək kitabçalarının keyfiyyətində, kağızında müəyyən qədər fərqlər olur. Bazara daxil olan əmək kitabçaları birinci dəfə Türkiyədə
istehsal olunub. Onlar ilk dəfə bizə təklif olunanda müəyyən qusurlar olduğu üçün qəbul etmədik. Amma sonradan həmin kitabçalar bazara yol tapdı. Əslində həmin kitabçalar ölkəyə buraxılmamalı idi. Dövlət Məşğulluq Xidməti bu cür halların qarşısının alınması üçün tədbirlər görür. Amma həmişə, hər yerdə mübarizə aparmaq mümkün olmur. Müəssisələrdə bu cür saxta sənədlərə rast gəldikdə onu ləğv edirik".
Bu halda vətəndaşların nə edəcəyinə gəldikdə isə Ş.Xələfov deyir ki, vətəndaşın bu məsələdə hər hansı günahı yoxdur: "Əgər vətəndaşdan əmək kitabçasını özü almağı tələb olunursa və o, həmin kitabçanı alırsa, burada vətəndaşın günahı yoxdur. Hər bir halda vətəndaşın adına onun işlədiyi dövrdən başlayaraq Dövlət Sosial Müdafiə Fonduna pul ödənilib. Digər tərəfdən vətəndaşın işlədiyi onu işə götürən müəssisə tərəfindən əmək kitabçasına yazılaraq təsdiqlənib. Belə halda müəssisə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə rəsmi məktubla müraciət etməlidir. Həmin müraciətdə işçilərin sayı və tələb olunan əmək kitabçalarının sayı göstərilməlidir. Bundan sonra həmin kitabçalar müəssisələrə veriləcək. Daha sonra isə əvvəlki əmək kitabçası da şəxsi işdə saxlanılmaqla yeni əmək kitabçası açıla bilər. Hazırda müəssisələrə əmək kitabçasının çatdırılması sahəsində heç bir problem yoxdur. İstənilən işəgötürən müraciət etdikdə həmin kitabçaları ala bilər".
Məsələyə münasibət bildirən Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov da bu məsələdə vətəndaşların məsuliyyat daşımadığını bildirdi: "Əmək kitabçaları hazırda vətəndaşların iş təcrübəsinin göstərildiyi dövlət sənədidir. Buna görə də həmin sənəddə hər hansı nöqsan olmamalıdır. Amma əmək kitabçaları artıq yavaş-yavaş öz funksiyasını itirməkdədir. Çünki hər bir işləyənin Dövlət Sosial Müdafiə Fondunda fərdi hesabı var. Həmin hesabın vəziyyəti vətəndaşın nə zaman işləməsi və hansı ödənişləri etməsi barədə məlumat verir. O ki, qaldı əmək kitabçasında seriya nömrəsinin olmamasına, mən Dövlət Məşğulluq Xidmətindən aldığım əmək kitabçasında da seriya nömrəsi yoxdur. Seriya nömrəsinin olmaması isə ciddi nöqsan kimi qəbul edilməməlidir. Bu problem müvafiq dövlət qurumları tərəfindən tənzimlənməli və lazım olduqda proqram təminatına düzəlişlər edilməməlidir. Bu məsələdə vətəndaşların hər hansı günahı yoxdur və onlar zərər çəkməməlidir".
Xalid
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22