Müxalifətin sosial baza problemi
12:11 13-04-2013
CƏMİYYƏT
Müxalifətin sosial baza problemi
Sərdar Cəlaloğlu: "Hazırda sosial bazaların genişləndirilməsi istiqamətində deyil,
Azərbaycan seçicisinin vətəndaş iradəsinin möhkəmləndirilməsi üzərində iş aparmalıyıq"
Hazırda ölkə müxalifətinin düşərgəsində sosial baza uğrunda gərgin mübarizə gedir və bu da təbiidir. Vaxtaşırı müxalif cinahda dayanan partiyalar arasında sosial baza uğrunda mübarizə çox şiddətli forma alır. Ekspertlərin fikrincə, bu da ondan irəli gəlir ki, Azərbaycanda müxalifətin çox məhdud sosial bazası var.
Bu yöndə ən maraqlı dartışma Müsavat partiyası ilə "El" hərəkatı arasında getməkdədir.
Müşahidəçilərin qənaətinə görə, Azərbaycanda iqtidar öz üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirdiyinə görə, ölkədə inkişaf getdiyinə və sosial problemlər həll edildiyinə görə, cəmiyyətin böyük bir hissəsi iqtidarı müdafiə edir. Müəyyən bir qrup sosial bazaya isə müxalif partiyaların hamısı iddia edir. İqtidarın sosial bazasından insanları qoparacaqlarına onların ümidləri yoxdur. Bu baxımdan yeni yarananlar artıq oturuşmuş partiyaların sosial bazasını parçalamağa, onları öz tərəflərinə çəkməyə çalışırlar.
Bu baxımdan yanaşanda "El" hərəkatı da istisna deyil. Ziyalılar forumuna yığışan insanlar nə qədər ki, sadəcə olaraq, ənənəvi müxalif partiyaların şüarlarını səsləndirirdilər, həmin partiyalar da onları dəstəkləyirdilər. Amma Ziyalılar forumu artıq təşkilati formaya keçəndə özünü siyasi təşkilat elan edəndə artıq məlum idi ki, bunlar tribuna natiqləri deyil. Onlar konkret olaraq siyasi iddiada olan insanlardır.
Bu gün mübarizə Müsavatla "El" hərəkatı arasında gedir. Sabah bu mübarizəyə digər siyasi təşkilatlar da qoşulacaq. Çünki yeni yaranan təşkilat yeni insanlar gətirə bilmədiyinə görə, artıq elə müxalifətin daxilindəkiləri öz tərəfinə çəkməyə cəhd edir. Bu baxımdan da, insanların öz təşkilatlarını dəyişəcəyi, daha cəlbedici görünən yeni təşkilata gedəcəyi tamamilə gözləniləndir.
Müsavatla "El" arasında sosial baza ucbatından yaranan qarşıdurmanın hələ başlanğıc olduğunu deyən ekspertlər düşünürlər ki, gələcəkdə daha dərin çarpışmanın şahidi olacağıq. Gələcəkdə ənənəvi müxalifət partiyaları yeni yaranan təşkilatları gözdən salmağa çalışacaqlar.
Hər bir müxalif partiya bilir ki, onun Azərbaycanda qələbə çalmaq şansı yoxdur. İnsanlar onların arxasınca getməyəcək. Onlara ikinci, üçüncü və ya dördüncü olmaq da sərf edir. Bu baxımdan yeni iddiaların gəlməsi onların planlarını pozur. Bu iki partiya arasında yaranan ziddiyyət gələcəkdə daha da dərinləşəcək və çoxtərəfli siyasi münaqişəyə çevriləcək.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun "Unikal"a bildirdiyinə görə, "Prezident seçkilərinə bir müddət qaldığı üçün hələ ki siyasi partiyaların sosial bazalarında ciddi yerdəyişmələr müşahidə edilmir. Amma güman edirəm ki, prezident seçkiləri yaxınlaşdıqca müəyyən təbəddülatların və "transferlərin" şahidi olacağıq".
Partiya sədrinin sözlərinə görə, "Sosial bazalardakı bu ədalət daha çox seçicilərin seçki proseduruna inamlarının itməsindən qaynaqlanır. Azərbaycan seçicisi düşünür ki, mənim necə və kimə səs verməyimdən asılı olmayaraq nəticələr mənim iradəmin əleyhinə olacaq. Ona görə də biz müxaliflər olaraq hazırda sosial bazaların genişləndirilməsi istiqamətində deyil, Azərbaycan seçicisinin vətəndaş iradəsinin möhkəmləndirilməsi üzərində iş aparmalıyıq".
Natiq Oruclu
Digər Xəbərlər
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36