"Hər şey qarşılıqlıdır"
12:14 13-04-2013
CƏMİYYƏT
"Hər şey qarşılıqlıdır"
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının Bakıda keçirilən I Beynəlxalq Forumunun ikinci sessiyasında MDBMİ Məzunları Assosiasiyasının Azərbaycan təmsilçisi Leyla Əliyeva çıxış edib.
"Dayanıqlı inkişaf yolunda qlobal iqtisadiyyatın enerji və ekoloji ölçüləri" mövzusunda sessiyada çıxış edən Leyla Əliyeva "İDEA" kampaniyası barədə danışıb.
"Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunu kimi, ilk forumun Azərbaycanda keçirilməsi mənim üçün çox xoşdur. Ölkəmiz həmişə qonaqpərvərliyi ilə seçilib və tarixən Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycan özündə müxtəlif mədəniyyətləri, ənənələri və sivilizasiyaları birləşdirib. Tolerantlıq, dözümlülük və dostsevərlik bizim üçün təkcə söz deyil, bu, bizim üçün həyat tərzidir".
Leyla Əliyeva Bakıda məscid və kilsələrin, sinaqoqların yanaşı fəaliyyət göstərdiyini vurğulayıb: "Təsadüfi deyil ki, son vaxtlar Bakı müxtəlif forum və görüşlərin keçirildiyi məkana çevrilib. Biz öz köklərimizə və ənənələrimizə hörmətlə yanaşırıq, eyni zamanda dünyanın mədəni müxtəlifliliyinə dərindən hörmət edirik".
Azərbaycanda rus dilinə ehtiramla yanaşıldığını deyən Leyla Əliyeva ölkəmizdə rus dilində təhsil verən məktəblərin, Moskva Dövlət Universitetinin filialının, Azərbaycan Dövlət Rus Dram Teatrının fəaliyyət göstərdiyini xatırladıb: "Bizim ölkələrimizi ümumi tarix, həmçinin müstəqillik dövründə formalaşmış dostluq və qonşuluq münasibətləri birləşdirir. Bu gün keçirilən forum bunu bir daha təsdiq edir".
Leyla Əliyeva forumda müzakirə olunan mövzuların aktual xarakter daşıdığını bildirib: "Hər şey qarşılıqlıdır və dünya iqtisadiyyatı ekoloji problemlərlə sıx bağlıdır. Bu gün ətraf mühitin mühafizəsi barədə danışmaq asandır. İki il əvvəl Heydər Əliyev Fondunun təşəbbüsü ilə İDEA ətraf mühitin mühafizəsinə dair kampaniya başlayıb. Bu kampaniya hazırda regionda ətraf mühitin mühafizəsinə dair ən aktiv kampaniyadır. İDEA "WWF Rusiya" ilə birlikdə Qafqaz zubrunun müdafiəsinə dair birgə layihələr reallaşdırır, ağaclar əkir, quş yuvaları düzəldir. İDEA həmçinin "WWF Türkiyə" ilə də analoji müqavilələr imzalamağı planlaşdırır.
Leyla Əliyeva yoxa çıxmaq təhlükəsi ilə üzləşən heyvanların müdafiəsini İDEA kampaniyanın fəaliyyətinin əsas prioriteti adlandırıb: "Bu yaxınlarda Azərbaycanda çox nadir heyvan növü olan Qafqaz bəbiri aşkarlanıb. Bu bəbir növü Avropa regionunda yalnız Azərbaycanda təbii mühitdə yaşayır. İDEA bu heyvan növünün mühafizəsi istiqamətində iş aparır".
Ölkədə artıq ekoloji kabinetlərin fəaliyyət göstərdiyini deyən Leyla Əliyeva ətraf mühitin mühafizəsinə dair dərsliyin yaradılması istiqamətində iş getdiyini bildirib: "Ümidvaram ki, yaxın gələcəkdə ölkəmizin bütün məktəblərində ətraf mühitin mühafizəsi dərslərinin tədrisinə başlanacaq. Fəaliyyətimiz coğrafi sərhədlərlə məhdudlaşmır. Biz müxtəlif ölkələrin gənclərini bizə birləşməyə, layihələrimizi dəstəkləməyə, öz planlarını bizimlə bölüşməyə çağırırıq. İDEA gənc təşkilatdır və yəqin ki, dünya səviyyəsində dənizdə damladır, lakin fikrimizcə, hər bir insan planetimizə öz töhfəsini verməlidir".
Leyla Əliyeva iştirakçılara rəhbərlik etdiyi, fəaliyyəti mədəniyyət, təhsil, səhiyyə, idman və elm sahələrini əhatə edən Rusiya Azərbaycanlı Gənclər Təşkilatı barədə də məlumat verib. Hazırda təşkilatın 70 regional bölməsi mövcuddur, Rusiyanın demək olar ki bütün ali məktəblərində təşkilatın klubları fəaliyyət göstərir: "İlk belə klub yeddi il əvvəl Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda yaradılıb. Əminəm ki, bu gün Bakıda keçirilən bu forum birgə fəaliyyətimizi genişləndirməyə və həmfikirlərimizi tapmağa imkan verəcək".
Digər Xəbərlər
2024-10-30 16:35:00
2024-10-30 16:27:14
2024-10-30 16:15:58
2024-10-30 16:10:46
2024-10-30 16:09:04
2024-10-30 16:06:18
2024-10-30 16:05:02
2024-10-30 15:54:00
2024-10-30 15:45:50
2024-10-30 15:37:06
2024-10-30 15:27:00
2024-10-30 15:22:18
2024-10-30 14:32:49
2024-10-30 14:17:00
2024-10-30 13:55:24
2024-10-30 13:09:00
2024-10-30 12:57:32
2024-10-30 12:39:21