""Reklam haqqında” qanundan çox narazılığım var. Misal olaraq, televiziyada deyirlər ki, uşaq bezlərinə təşəkkür edirəm. Bu nə deməkdir?!"
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı deputat Tahir Kərimli deyib.
“Təsəvvür edin ki, mağazalara gedən kimi siqaretlər üstümüzə gəlir. Müvafiq qanunvericiliyə dəyişikliklər etsək də ki, heç bir fayda əldə etmirik. Ona görə də belə hallar qeydə alınır, zərərli məsələlər ortaya çıxır”, - T.Kərimli qeyd edib.
"Özümü də bura qatıram. Hökumət üzvlərimiz, deputatlarımız gedirik insanlarla görüşlər keçiririk, onları qəbul edirik və tez də qayıdırıq. Niyə? Çünki özümüzü qoruyuruq. Hər birimizin içində pisliklə, zalımlıqla bərabər, yaxşılıq, mərhəmət hissi də var. Qorxuruq ki, qabağımızda o camaat ki, var - cavanları xaricə qaçıb, özləri zəlil vəziyyətində. Əhalinin 80 faizi ancaq nənəsinin, babasının pensiyalarını gözləyir, iş yerləri yoxdur, xəstəsini müalicə etdirə bilmir, qızını ərə verə bilmir, oğlunu evləndirə bilmir, yaxşı iş tapmır. Onların ağrısını ürəyimizdən keçirək. Bir çoxlarımız, valideynlərimiz, ailələrimiz vaxtilə bu şəraitdə yaşamışıq. Biz özümüzü qoruyuruq, bəs xalqımız? İstəyirəm ki, bu məsələlər sürətlə həll olunsun. Şəhid ailələri, qazilərimiz və veteranlarımız üçün ayrıca komitə yaratmaq lazımdır ki, onların dərdi-səri ilə məşğul olsun. Mən demirəm ki, məmurlarımızın hamısı belədir. Xeyirxahlıq da edirlər, camaatın qayğısına qalanlar da var. Biz Şamaxıya, İsmayıllıya, Ağsuya, Qəbələyə, Şəkiyə ancaq yeyib-içməyə getməliyik? Bunlar tarixi yerlərdir. 43 şirvanşah olub, onların birinin qəbrinin yeri bilirikmi?", - deyə deputat əlavə edib.
Milli Məclisin sədri Sahibə Qafarova isə deputatın çıxışına cavab olaraq bildirib: "Deyirsiz ki, qaçırlar. Kim qaçır? Deputat xalqdan qaçır? Düşünürdüm ki, siyasi partiyanın rəhbəri kimi dövlət büdcəsi ilə bağlı daha dəyərli sözlər deyəsiniz. Xankəndənin büdcəsi haqqında danışasınız, tək belə yox!”.
Anar Kəlbiyev