"Əmək pensiyalarının orta aylıq məbləğinin 2023-cü ildə 436 manat təşkil edəcəyi gözlənilir, 2024-cü ildə isə 483 manat olacağı proqnozlaşdırılır".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. Onun sözlərinə görə, növbəti ildə yaşa görə pensiyanın orta aylıq məbləğinin cari ildəki 466 manatdan 50 manat artaraq - 516 manata, əlilliyə görə pensiyanın orta aylıq məbləğinin cari ilin sonuna gözlənilən 367 manatdan 43 manat artaraq - 410 manata, ailə başçısını itirməyə görə pensiyanın orta aylıq məbləğinin isə cari ilin sonuna gözlənilən 407 manatdan 47 manat artaraq - 454 manata yüksəlməsi proqnozlaşdırılır.
"Əvvəlki illərdə olduğu kimi cari və növbəti illərdə də əvəzetmə əmsalı, yəni orta aylıq pensiya məbləğinin orta aylıq əmək haqqı məbləğinə nisbəti müvafiq olaraq 46,8% və 49,3% olmaqla Avropa Sosial Xartiyasının tələblərinə cavab verəcək. Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il üçün gəlirləri və xərcləri bərabər olmaqla 6 milyard 919,9 milyon manat proqnozlaşdırılır. Bu cari ilin büdcəsinə nisbətən 651,9 milyon manat və ya 10,4% çoxdur”.
Anar Kəlbiyev