Milli Şura olmayacaq
Milli Şura olmayacaq

Rafiq Əliyevdən şok açıqlama

"Milli Şura yaratmaq niyyətimiz adekvat qarşılanmır, bu uğurlu formatın yaradılması niyyəti uğursuzluğa düçar olur. Milli Şuranın yaradılması məsələsində bədgümanam". Bu açıqlamanı Milli Şura ideyasının müəlliflərindən professor Rafiq Əliyev verib.

R. Əliyev deyib ki, Milli Şuranın əsas motivasiyası demokratik düşüncəli qurumları və ya ayrı-ayrı şəxsləri ortaq məxrəcə gətirmək olsa da, bu müsbət niyyət adekvat qarşılanmır: "Bu məsələ ilə bağlı mən və dostlarımız çox çalışdıq. Amma gördük ki, Milli Şura kimi uğurlu formatın yaradılması niyyəti uğursuzluğa düçar olur. İddia bu qurumları ortaq məxrəcə gəlməyə imkan vermir. İddia o qədər yüksəkdir ki, çəpəri aşacaqlarına inanmıram. Artıq bu qənaətdəyəm".
R. Əliyev qeyd edib ki, siyasətçilər və partiya rəhbərləri söhbətlərdə və mediaya açıqlamalarda Milli Şura ilə bağlı ictimaiyyətə hesablanmış müsbət açıqlamalar versələr də, əslində belə deyil.
O, Milli Şuranın yaradılması ilə bağlı heç bir addım atılmadığını da söyləyib: "Bu məsələ ideya kimi təqdim edildi və məlum münasibətlə qarşılaşdı".
Rafiq Əliyevin bu açıqlaması isə müxalifətin bir tərəfdən daxilində baş verənləri tam olaraq ortaya çıxartdı, digər tərəfdən isə artıq cəmiyyətin vahid namizəd məsələsinə inamı itdi. Bəs nədən Rafiq Əliyev belə bir açıqlama ilə çıxış etdi?
Ekspertlər bunun bir sıra səbəblərinin olması fikrindədirlər. Öncəliklə hesab edilir ki, Rafiq Əliyevdə başda olmaqla bir qrup ziyalı həqiqətəndə cəmiyyətdə nələrsə etmək istəyirdilər və bu məqsədlə Ziyalılar Forumunu təsis etmişdilər. Bunun davamı olaraq da Milli Şura yaratmaq haqqında addımlar atılırdı. Amma prosesin ortasında bu ziyalılar sadəcə olaraq aldadıldıqlarını və hansısa ölkələrin əlində bir vasitəyə çevrildiklərini gördülər. Belə ki, Ziyalılar Forumunun üzvlərindən ikisi Rüstəım İbrahimbəyov və Əkrəm Əylisli ermənipərəst bir mövqe tutdular və aydın oldu ki, bu prosesdə Rusiyanın əli var. Çox maraqlıdır ki, bu iki şəxsin tutduğu mövqe Rafiq Əliyev kimi ziyalılarında mövqeyinə ciddi təsir etdi. Bundan başqa Rüstəm İbrahimbəyov bir başa Kremlin diqtəsi ilə "Milyarderlər İttifaqı"nın yaranması prosesinə girişdi. Artıq hamı üçün məlum idi ki, ortada tamam başqa proseslər baş verir. Bu isə Rafiq Əliyev kimi ziyalılara ciddi zərbə oldu. Amma məsələ bununla tamamlanmadı. Belə ki, forumun üzvü olan Eldəniz Quliyevdə talış separatçıısı kimi çıxış etməyə başladı və bu yöndə təşkilatda yaratdı. İranla sıx bağlılığı olan bu şəxsin addımları da Ziyalılar Forumunun üzvlərini çıxılmaz vəziyyətə saldı. Və nəhayət vahid namizəd təşəbbüsü ilə çıxış edən Ziyalılar Forumunun üzvü Eldar Namazov ziyalılardan istifadə edərək öz namizədliyini gündəmə gətirdi. Beləliklə də ziyalıları öz komandasının üzvləri kimi cəmiyyətə təqdim etdi. Bu sə sözsüz ki, ziyalıları qane edə bilməzdi.
Ekspertlər hesab edir ki, Rafiq Əliyevin belə açıqlama verməsinin başqa bir səbəbi isə siyasi liderlərin iddialı olması və ziyalıların bu təşəbbüsünü qəbul etməmələri ilə bağlıdır. Analitiklərdə hesab edirdi ki, istər AXCP sədri Əli Kərimli, istərsə də Müsavat başqanı İsa Qəmbər hansısa ziyalıların həvəsinə görə öz siyasi iddialarından əl çəkmək niyyətində deyillər və bu səbəbdən Milli Şuranın yaranması mənasızdır. Və nəhayətdə qısa zaman ərzində yeddi müxalifət nümayəndəsinin namizəd kimi bəyanat verməsi də Rafiq Əliyevi belə addım atmağa məcbur etdi. Sonda bunu da qeyd edək ki, Azadlıq Partiyası Mərkəzi İcraiyyə Komitəsinin iclası keçirilib.Partiyadan verilən məlumata görə, iclasda 2013-cü ildə keçiriləcək prezident seçkilərində iştirakla bağlı məsələ müzakirə olunub. MİK seckilərdə partiyanın sədri Əhməd Orucun namizədliyi ilə iştirak etmək barədə qərar çıxarıb.
Beləliklə də aydın oldu ki, Ziyalılar Forumunun qarşısına qoyduğu məqsəd tam iflas oldu. Müşahidəçilər bildirir ki, hətta bundan sonra da Milli Şura yaradılarsa bu müxalifəti tam əhatə etməyəcək. Sadəcə olaraq hansısa namizədin seçki qərargahından o yana keçə bilməyəcək. Buda söylənilir ki, Milli Şuranın yaranmasını əngəlləyən əsas güc Müsavat olub. Belə ki, Ziyalılar Forumunda AXCP-ni dəstəkləyənlərin sayı çox olub və başlanan prosesdə əsas oyun bu imiş ki, AXCP sədri müxalifətin vahid namizədi kimi elan edilsin. Bu isə Müsavat üçün ağır zərbə olardı.
Həsən