Müxalifət daxilində savaş başladı
23:37 15-04-2013
CƏMİYYƏT
Müxalifət daxilində savaş başladı
EL hərəkatının yaranması deyəsən hakimiyyətdən çox müxalifəti narahat etməyə başlayıb. Əslində bunun belə də olacağı güman edilirdi və ekspertlərdə iddia edirdi ki, yeni hərəkat müxalifəti bir araya yığmaq əvəzinə parçalanmanı daha da dərinləşdirəcək. İndi isə bunun şahidi oluruq. İlk qığılcım isə hərəkatla Müsavat arasında yarandı.
"EL Hərəkatı AXCP, Müsavat və Azərbaycanda demokratik dəyişiklik uğrunda mübarizə aparan bütün qüvvələrlə müttəfiqliyə maraqlıdır. Biz təşkilatlanmada müttəfiq hesab etdiyimiz partiyaları, o cümlədən Müsavatı parçalamaq niyyətində deyilik".
Bu sözləri Ictimai Palatanın Koordinasiya Şurasının üzvü, EL Hərəkatı sədrinin təşkilati məsələlər üzrə müavini Köçəri Nağıbəyli Müsavatın Divan üzvü Ikram Israfilin ittihamlarına cavab verərəkən deyib. Xatırladaq ki, Ikram Israfil Müsavat Məclisinin aprelin 6-da keçirilən iclasında bildirib ki, EL Hərəkatı təşkilatlanma prosesində Müsavatın yerlərdəki fəallarından istifadə edir. "Müsavatın yerli təşkilatlarında və rəhbərlikdə təmsil olunan bir neçə nəfərin EL-in regionlarda şöbələrinin təsis olunmasında iştirak etməsi ilə bağlı məlumatım var". Maraqlıdır, El hərəkatı həqiqətənmi Müsavatın sosial bazasına artıq zərbə vurmağa başlayıb? Müşahidəçilər hesab edir ki, əgər bu hərəkat kütləviliyini təmin etmək istəyirsə mütləq öncəliklə sosial baza problemini həll etsin. Bu günə qədər EL hərəkatının təşkilatlanmasına isə baxanda aydın olur ki, hərəkat daha çox müxalifət daxilində güc axtarışına başlayıb və kənar sosial bazalara hələ ki, müdaxilə edə bilmir. Belə ki, bir müddət öncə hərəkat üzvləri bölgələrə çıxdılar və siyasi aktivlikləri olsada , heç bir partiyanın üzvü olmayan şəxsləri hərəkata cəlb etməyə çalışdılar. Amma siyasi partiya mənsubiyyəti olmayan şəxslər və ya ziyalılar bu hərəkata yaxın durmadılar. Belə olan halda isə EL hərəkatı məcburdur ki, həqiqətən də AXCP və Müsavatın bazası əsasında təşkilatlanma işlərini həyata keçirtsinlər. Ekspertlər bildirir ki, hələ ki, bu məsələ kütləvi şəkildə həyata keçirilmədiyindən gərginlikdə çox deyil. Amma bir müddətdən sonra siyasi qüvvələr arasında gərginlik kifayət qədər artacaq. Çünki qarşıdan prezident seçkiləri gəlir və partiyalar sosial bazalarını qorumağa çalışırlar. EL hərəkatı isə yaranan zaman ciddi maliyyəyə sahib olduğunu nümayiş etdirdi və hərəkatın aktivləri üçün hətta əmək haqları belə müəyyənləşdirildi. Sözsüz ki, bunu görən şəxslərin hərəkata maraqları artdı və beləcə Müsavat və AXCP-dən kənarlaşaraq hərəkata meyillənmə gücləndi. Başqa bir maraqlı proses isə hərəkatın sədri Eldar Namazovun prezident seçkilərində namizəd olaraq iştirak etməyə hazırlaşması ilə başlayacaq. Bu isə o deməkdir ki, Müsavat-AXCP-EL savaşı daha da güclənəcək. Bununla da həm də hərəkat öz missiyasından uzaqlaşmalı olacaq. Çünki hərəkatı yaradanda bəyan etmişdilər ki, bununla müxalifətin ümumi birliyinə nail olunacaq və vahid namizədin müəyyənləşməsinə start veriləcək. Amma bu gün Eldar Namazov prezidentliyə namizəd olmaqla bir tərəfə çevrilir və tərəf olan güc digər gücləri ətrafına toplaya bilməz. EL hərəkatının bu gün tutduğu mövqe həm də yaranması nəzərdə tutulan Milli Şuranın və İctimai Palatanın da fəaliyyətinə ağır zərbə olacaq. İctimai Palatada təmsil olunan şəxslərin deməsinə görə əslində bu gün İctimai Palata üç yerə parçalanmağa tam hazır vəziyyətdədir. Söhbət AXCP-in Müsavatın və EL hərəkatının bu bazanı ələ keçirtməyə çalışmasından gedir. Məhza bunu görən Ziyalılar Forumunun üzvləri də prosesdən kənara çəkildilər, hazırda da müşahidə olunur ki, Cəmil Həsənli, Rafiq Əliyev kimi ziyalılar heç bir birliyə daxil olmaq niyyətində deyillər və EL hərəkatı yaranan zaman təşkilatda heç bir vəzifə tutmadılar. Halbu ki, qərara alınmışdı ki, EL hərəkatının yaranmasında və formalaşmasında əsasən Ziyalılar Forumunun üzvləri iştirak etsinlər. Amma aydın olanda ki, Eldar Namazov prezidentliyə namizəd olacaq, ziyalılar bu təklifdən imtina etdilər.
Beləliklə aydın olur ki, birləşmək və vahid namizəd müəyyənləşdirmək təklifi get-gedə əksinə inkişaf edir və müxalifət daxilində yeni parçalanmalar ortaya çıxır. Vahid namizədliyə gəldikdə isə bu məsələdə artıq gündəmdən çıxıb. Çünki bu gün prezidentliyə müxalifət düşərgəsindən KAXCP sədri Mirmahmud Mirəlioğlu, Müsavat başqanı İsa Qəmbər, EL hərəkatından Eldar Namazov, REAL təşkilatından İlqar Məmmədov, Ümid partiyasından İqbal Ağazadə prezidentliyə namizəd olacaqlarını bəyan ediblər.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22