İcra başçısının fantastik iştahası
23:38 15-04-2013
CƏMİYYƏT
İcra başçısının fantastik iştahası
Vilyam Hacıyev agentlikdən 100 min manat istəyir
Zaur Əhmədli: "Biz özümüzü tam haqlı hesab edirik, çünki qanunvericilik normaları çərçivəsində hərəkət etmişik"
Rəşid Hacılı: "Vilyam Hacıyevin Azərbaycan qanunvericiliyi barədə məlumatı səthidir və onun tələb etdiyi məbləğ fantastik rəqəmdir"
Müstəqil İnformasiya Agentliyi İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev tərəfindən məhkəməyə verilib. İcra başçısının məhkəməyə üz tutmasına rəvac verən "İcra başçısının 700 minlik borc qalmaqalı; Vilyam Hacıyev "Banditizm"də dindirilib" başlıqlı yazı olub.
Bu barədə agentliyə Səbail Rayon Məhkəməsi tərəfindən bildiriş daxil olub. Bildirişə görə, icra başçısının iddia ərizəsi əsasında aprel ayının 24-də Səbail Rayon Məhkəməsində hakim Elnur Həsənovun sədrliyi ilə hazırlıq iclası keçiriləcək. Vilyam Hacıyev agentlikdən rəsmi təkzib və 100 min manat təzminat tələb edir.
MİA.azı-n yaydığı açıqlamada bildirilir ki, məhkəmə mübahisəsinə səbəb olan yazı iş adamlarının şikayəti əsasında hazırlanıb və həmin vaxt icra başçısı məsələyə münasibət bildirməkdən imtina edib. Agentlik icra başçısının məhkəməyə müraciət etməsini çıxış yolu kimi dəyərləndirməyib: "Hesab edirik ki, icra başçısı ondan münasibət öyrənilən vaxtı şikayətə münasibətini açıqlaya bilərdi. Necə ki, iddia ərizəsində iş adamlarının şikayətinə münasibət bildirib. Üstəlik, o, barəsində edilən başqa bir şikayətlə əlaqədar əvvəllər mia.az-ın sorğusuna geniş cavab verib və qarşı tərəfin ittihamlarına aydınlıq gətirib. Onun münasibəti də olduğu kimi yayılıb. Hesab edirik ki, başçı yenə də belə edə bilərdi. Amma o, budəfəki şikayətlə bağlı mia.az-ın əməkdaşının sorğusuna cavab verməkdən yayınıb və telefonu qapadıb".
MİA.az saytının direktoru Zaur Əhmədlinin "Unikal"a bildirdiyinə görə, "İcra başçısının saytımıza qarşı qaldırdığı iddia tamamilə əsassızdır və hüquqi baxımdan fiaskoya məhkumdur. Biz mətbu orqan olaraq özümüzü tam haqlı hesab edirik, çünki qanunvericilik normaları çərçivəsində hərəkət etmişik".
Direktorun sözlərinə görə, "Material nəşrə hazırlanarkən istifadə etdiyimiz lent yazıları bizdə qalır və məhkəmə olarsa, onları da dəlil-sübut kimi ortalığa qoyacağıq. Güman etmirəm ki, Vilyam Hacıyev öz iddiasında haqlı çıxa".
Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılının "Unikal"a bildirdiyinə görə, "Ümumiyyətlə, mətbuatda yayılmış hər hansı bir məlumat dəxli olan fiziki və yaxud hüquqi şəxsə qeyri-qanuni müstəvidə görünürsə, həmin subyekt məhkəmə qaydasında öz hüquqlarını və şərəfini qoruya bilər. İcra başçısı da bu ölkənin vətəndaşıdır və hesab edirsə ki, mətbuatda onun şərəf və ləyaqətinə toxunulub və yaxud barəsində yanlış məlumat yayımlanıb, məhkəmə vasitəsilə öz hüquqlarını qorumağa borcludur. İndiki məqamda isə icra başçısı tamamilə haqsız görünür. Əvvəla ona görə ki, sözügedən informasiya agentliyi bildirir ki, öz mövqeyini ifadə etməsi üçün onunla telefon əlaqəsi yaratmağa cəhdlər göstərilsə də, icra başçısı telefon əlaqəsindən yayınıb. Hadisədə bu variant yer alıbsa, icra başçısının məhkəmədə iddia qaldırması bir qədər təəccüblüdür".
Hacılının sözlərinə görə, "Vilyam Hacıyevin təzminat kimin tələb etdiyi məbləğ də adamı heyrətə salır. Görünür, Vilyam Hacıyevin Azərbaycan qanunvericiliyi barədə məlumatı səthidir və onun tələb etdiyi məbləğ fantastik rəqəmdir. Əgər onun Cinayət Məcəlləsindən məlumatı olsaydı, bilərdi ki, belə iddialar məhkəmə qaydasında təmin olunarsa, ödənilən təzminat maksimum 700-800 manat həcmində olur".
Natiq Oruclu
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22