"Gürcüstanda vəziyyət dəyişəndə ilk işimiz Milli Bankı ləğv etməkdir, Gürcüstan iqtisadiyyatı avroya keçməlidir".
"Unikal" xəbər verir ki, bunu Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili məhkəmə prosesində uzaqdan iştirak edərkən deyib.
Onun sözlərinə görə, Gürcüstan vahid vergi ölkəsi olmalıdır.
“Bu, çox sadə bir vəziyyətdir. Gürcüstanda vəziyyət dəyişəndə ilk işimiz Milli Bankı ləğv etmək, bağlamaqdır, çünki Milli Bank manipulyasiyalar üçün istifadə olunur. Bu tez edilməlidir. Praktiki olaraq İvanişvili böyük banklardan birinə sahibdir və eyni zamanda Milli Banka da nəzarət edir. İstənilən vaxt məzənnəni qaldırıb aşağı sala və ondan pul qazana bilər. Əvəzində inflyasiya tamamilə gözlənilməzdir, insanlar öz gəlir və xərclərini planlaşdıra bilmirlər. Artıq heç kimə heç nə yetmir və biz buna birdəfəlik son verməliyik. Gürcüstan iqtisadiyyatı avroya keçməlidir. Gürcüstana Milli Bank lazım deyil, Gürcüstana emissiya lazım deyil. Avropaya girsək, avro olmalıdır, xüsusən də gürcülərin əsas gəliri Avropadan gəlir. İkinci - Gürcüstan vahid vergi ölkəsi olmalıdır. Gürcüstana bu çoxqatlı vergi lazım deyil, çünki o, həm də korrupsiya mənbəyidir”, - Saakaşvili bildirib.