İqtisadiyyat və Sülh İnstitutu 163 müstəqil dövlət və ərazini sülh səviyyəsinə görə sıralayan Dünya Sülh İndeksi adlı hesabat dərc edib.
"Unikal" xəbər verir ki, bu barədə Britaniyanın "Daily Mail" qəzeti məlumat yayıb.
Hesabata görə, dünyanın ən təhlükəsiz ölkəsi İslandiyadır. Ən təhlükəsiz ölkələr arasında İslandiyadan sonra 2-ci, 3-cü və 4-cü yerlərdə Danimarka, İrlandiya və Yeni Zelandiya gəlir.
Qeyd edək ki, ABŞ bu siyahıda 131-ci yerdədir. Artıq səkkizinci ildir ki, dünyanın ən təhlükəli ölkəsi 163-cü yeri tutan Əfqanıstandır.
Hesabat müəllifləri iddia edirlər ki, Ukraynadakı müharibə qlobal sülhə əhəmiyyətli təsir göstərib - Ukrayna 157-ci, Rusiya isə 158-ci yerdə qərarlaşıb.
Maraqlıdır ki, Ermənistan 66-cı yerdə Cənubi Qafqaz regionunda ən təhlükəsiz ölkə kimi göstərilib. Hesabata görə, qonşu Gürcüstan 94-cü, Azərbaycan isə 95-ci yerdə qərarlaşıb. Türkiyə və İran 147-ci yeri bölüşürlər.
Ağarza Elçinoğlu