HƏMAS-ın Qəzza zolağında əsir götürdüyü vətəndaşların azad edilməsi üçün humanitar atəşkəs 24 noyabr cümə gününə qədər təxirə salınacaq.
"Unikal" xəbər verir ki, bu barədə CNN-ə İsrail Milli Təhlükəsizlik Şurasının mənbəsi məlumat verib.
Məlumata görə, hərbi əməliyyatların dayandırılması “prosesin həyata keçirilməsinin kifayət qədər əhəmiyyətsiz detalları” səbəbindən ləngiyir. Digər tərəfdən bildirilir ki, gecikmənin səbəbi İsrailin HƏMAS-ın azad etdiyi ilk girovların adlarını hələ də almamasıdır.
Öz növbəsində Qətər Xarici İşlər Nazirliyi atəşkəsin yaxın bir neçə saat ərzində elan ediləcəyini iddia edir.
Dünən İsrailin baş naziri Benyamin Netanyahu sazişin tezliklə qüvvəyə minəcəyini açıqlayıb. İsrail Müdafiə Qüvvələrinin nümayəndəsi bildirib ki, proses mürəkkəbdir və bir neçə mərhələdə baş verəcək.
Xatırladaq ki, HƏMAS və İsrail 50 israilli girov və 150 fələstinli qadın və uşağın azad edilməsi müqabilində Qəzza zolağında 4 günlük atəşkəs barədə razılığa gəliblər.
Gülayə Mecid