İsrailin müdafiə naziri Yoav Gallant hərbçilərlə görüşü zamanı Qəzza zolağında hərbi əməliyyatlarda fasilənin qısa olacağını bildirib.
"Unikal" xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri yazıb.
Onun sözlərinə görə, girovlar azad edildikdən sonra İsrail Müdafiə Qüvvələri intensiv hərbi əməliyyatları bərpa edəcək və bu əməliyyatlar daha iki ay davam edəcək.
"İntensiv döyüşlər davam edəcək. Ən azı iki ay daha döyüş gözlənilir", - nazir deyib. O, həmçinin bildirib ki, “qalan girovların qaytarılması” üçün müharibənin davam etdirilməsi zəruridir.
Bu gün, noyabrın 23-də İsrail və HƏMAS arasında girovların fələstinli məhbuslarla dəyişdirilməsini nəzərdə tutan atəşkəs razılaşması qüvvəyə minməli idi. Lakin gecə yarısından sonra məlum olub ki, mübadilə sövdələşməsi növbəti günə, noyabrın 24-nə təxirə salınıb. Atəşkəsin dörd gün davam edəcəyi və 50 israilli girov və 150 fələstinli məhbusun azad ediləcəyi gözlənilir.