Atalar və oğullar...
20:46 18-04-2013
CƏMİYYƏT
Atalar və oğullar...
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurucusu və lideri Etibar Məmmədovun oğlu Ayxan Etibaroğlunun siyasətə qoşulması siyasi müstəvidə birmənalı qarşılanmadı. Bu faktı müxtəlif rakurslardan və fərqli baxımlardan hallandıranlar var. Etibar Məmmədovun siyasətdən getməsindən sonra oğlunun lideri olduğu partiyanın Gənclər Təşkilatına sədr seçilməsi müxtəlif söz-söhbətlərin ərsəyə gəlməsinə zəmin yaratdı. Hətta bir çoxları Ayxan Etibaroğlunun sədr seçilməsinin təsadüf olmadığını, onun partiyanın gələcək rəhbəri olaraq hazırlandığını bildirirlər.
AMİP sədri Yusif Bağırzadə qeyd edib ki, AMİP gənclərin rəhbərlikdə təmsil olunmasına müsbət baxır: "Mənim də oğlum partiyanın Gənclər Təşkilatında təmsil olunur. Hamımız istəyirik ki, həm mənim oğlum, həm Etibar bəyin oğlu gələcəkdə partiyanın aparıcı simaları olsunlar".
Əlavə edək ki, Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu Etimad İsmayılov da bu partiyada müavin postunu tutur. Və yaxud Qazaxıstan prezidenti Nazarbayevin qızı partiya yaradıb və aktiv siyasətlə məşğuldur. O cümlədən hakimiyyətə gəlmək iştahasını da gizlətmir.
Müstəqil politoloq Leyla Əliyevanın "Unikal"a bildirdiyinə görə, "Hazırda ən müxtəlif səbəblər üzündən Azərbaycan müxalifətinin resursları tükənmək üzrədir və bu boşluğu doldurmaq üçün onun imkanları çox məhduddur. Azərbaycan mühitində və gerçəkliyində siyasətlə məşğul olmaq bir çox risqlər və məhrumiyyətlərlə bağlı olduğundan müxalifət sıralarında fəallıq göstərmiş bir çox insanlar maddi sıxıntılar üzündən siyasətdən aralanmalı olublar. Elə müxalifət qurumları da maliyyə cəhətdən ciddi sıxıntılara məruz qalıblar. Ona görə də müxaliflərin sıralarında boşluqlar yaranıb və bu boşluqların doldurulması vacibdir".
Politoloq bildirir ki, "Bu cür halların ənənəvi Şərq psixologiyası ilə heç bir əlaqəsi yoxdur. Bunu deyərkən Şərqdə güclü olan varislik institutunun davam etdirilməsini nəzərdə tuturam. Sadəcə, mənə elə gəlir ki, müxalifət son resurslarını işə salmağa məcburdur".
Müstəqil politoloq Zərdüşt Əlizadənin "Unikal"a söylədiyinə görə, "Vaxtilə ata Buş Birləşmiş Ştatların prezidenti idi. Bir müddətdən sonra isə oğul Buş ABŞ prezidenti seçildi və bunda qəbahət heç nə yoxdur. Dünya siyasətində belə hallara tez-tez rast gəlmək mümkündür. Başlıca məsələ odur ki, hüquqi prosedurlara normal şəkildə əməl edilsin".
Politoloqun sözlərinə görə, "Müasir siyasi proseslərin dinamikası və sosial psixologiya elə bir inkişaf həddinə gəlib çıxıb ki, ənənəvi siyasi institutları qoruyub saxlamaq mümkün olmur. Yəni dünyanın reallığı buna imkan vermir. Bəzən müəyyən istisnalara rast gəlmək mümkündür, amma tarix bu istisnaları tez bir zamanda korrektə etməyi bacarır. Buna görə də düşünmürəm ki, bizim siyasilər ailə partiyası yaratmağa can atırlar. Proseslərin gedişatı bunu diqtə edir və bu sarıdan narahat olmağa əsas yoxdur".
Mahir Hüseynli
Digər Xəbərlər
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50
2024-11-23 11:53:04
2024-11-23 09:40:24
2024-11-23 09:23:00
2024-11-23 08:53:12
2024-11-22 23:33:36
2024-11-22 22:48:30
2024-11-22 20:35:08
2024-11-22 19:38:04